7 fevral seçkilərində inamlı qələbə qazanaraq beşinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevi müxtəlif ölkələrin dövlət və hökumət başçıları təbrik edirlər.

Fevralın 7-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Özbəkistan dövlətinin başçısı İlham Əliyevi prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edib, ölkəmizin daha da inkişafı və xalqımızın firavanlığı naminə prezidentlik fəaliyyətində yeni uğurlar arzulayıb. Şavkat Mirziyoyev Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizin böyük nailiyyətlər qazanmasının və Azərbaycan torpaqlarının geri qaytarılmasının önəmini bir daha vurğulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Şavkat Mirziyoyevə minnətdarlığını ifadə edib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə və əməkdaşlığımızın daha da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər, ikitərəfli münasibətlərin perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.

***

Fevralın 7-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Aleksandr Lukaşenko İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı və firavanlığı naminə fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Belarus Prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan-Belarus dostluq əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə edərək əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

***

Fevralın 7-də Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Viktor Orban İlham Əliyevə prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırıb, ona Azərbaycanın inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Viktor Orbana minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanaraq, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.

***

Fevralın 7-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Türkiyə Prezidenti İlham Əliyevi prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə səmimi-qəlbdən təbrik edib, ölkəmizin daha da inkişaf etdirilməsi və xalqımızın rifahı naminə prezidentlik fəaliyyətində ona yeni uğurlar arzulayıb. Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısının rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycanın Qələbə çalmasının və suverenliyimizin tam bərpa olunmasının böyük önəm daşıdığını bir daha vurğulayıb, bu xüsusda Azərbaycanda prezident seçkilərinin bütün ölkə ərazisində keçirilməsi münasibətilə də təbriklərini çatdırıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə gələcəkdə də inkişaf edəcəyinə və möhkəmlənəcəyinə, “Bir millət, iki dövlət” prinsipi əsasında ölkələrimizin və xalqlarımızın bundan sonra da çiyin-çiyinə irəli gedəcəklərinə əminliklərini ifadə ediblər.

Telefon söhbəti zamanı əməkdaşlığımızın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

***

Fevralın 7-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

İraq Prezidenti İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ölkəmizin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.

Telefon söhbəti zamanı Azərbaycan ilə İraq arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunaraq əməkdaşlığın genişlənəcəyinə əminlik bildirilib.

***

Fevralın 8-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Qazaxıstan dövlətinin başçısı İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, ona ölkəmizin hərtərəfli inkişafı və tərəqqisi naminə fəaliyyətində uğurlar arzulayıb. Kasım-Jomart Tokayev dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə böyük uğurlar qazanmasının və ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinin önəmini qeyd edib.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan-Qazaxıstan dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə edərək əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

***

Fevralın 8-də Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Qırğızıstan Prezidenti dövlətimizin başçısı İlham Əliyevə prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbriklərini çatdırıb. Sadır Japarov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının önəmini bir daha qeyd edərək, ölkəmizdə sürətli inkişaf proseslərinin getdiyini və dövlətimizin beynəlxalq mövqelərinin daha da gücləndiyini vurğulayıb.

Qırğızıstan dövlətinin başçısı ikitərəfli münasibətlərimizin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu ehtiramla qeyd edib.

Sadır Japarov Prezident İlham Əliyevə Azərbaycanın tərəqqisi naminə fəaliyyətində uğurlar arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.

Telefon söhbəti zamanı Azərbaycan və Qırğızıstan prezidentləri ikitərəfli dostluq və qardaşlıq münasibətlərimizin bundan sonra da hərtərəfli inkişaf edəcəyinə əminliklərini bildirib və əlaqərimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

***

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun təbrik məktubunda deyilir:

“Qardaş Azərbaycanın ali dövlət vəzifəsinə yenidən seçilməyiniz Azərbaycan cəmiyyətinin Sizə olan yüksək etimadının daha bir inamlı təsdiqidir və ölkənin ardıcıl sosial-iqtisadi inkişafına, həmçinin dövlətinizin beynəlxalq arenada nüfuzunun möhkəmləndirilməsinə yönəlmiş strateji kursunuzun xalqınız tərəfindən geniş şəkildə dəstəklənməsinin göstəricisidir.

Sizin Tacikistan-Azərbaycan dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə və dərinləşməsinə sanballı şəxsi töhfənizi vurğulayaraq bu əlaqələrin gələcəkdə də hərtərəfli inkişafına marağımızı ifadə edirəm.

Əminəm ki, biz gələcəkdə də birgə səylərlə iki ölkənin çoxplanlı qarşılıqlı münasibətlərini inkişaf etdirəcəyik, xalqlarımızın rifahı naminə bu əməkdaşlığı yeni praktiki məzmunla zənginləşdirəcəyik”.

***

Mən Çin-Azərbaycan münasibətlərinə böyük əhəmiyyət verirəm, bizim işgüzar münasibətlərimizi və şəxsi dostluğumuzu yüksək qiymətləndirirəm. Sizinlə birlikdə ikitərəfli münasibətlərin inkişafı və bütün sahələrdə əməkdaşlığın yeni səviyyəyə yüksəldilməsində birgə səylər göstərməyə hazıram.

Bu fikirlər Çin Xalq Respublikasının Sədri Si Cinpinin fevralın 7-də növbədənkənar prezident seçkilərində qələbə qazanan Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb. Çin lideri dövlətimizin başçısını yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə Çin hökuməti və xalqı adından, həmçinin şəxsən öz adından təbrik edib. O, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün dövlət quruculuğu təşəbbüslərində yeni nailiyyətlər əldə edəcəyinə əminliyini vurğulayıb. Çin lideri “Son illər Çin-Azərbaycan münasibətləri öz inkişafının nümunəvi və sabit olması ilə fərqlənir. Yüksək səviyyəli siyasi etimad mühiti yaranır”, - deyən Si Cinpin əlavə edib ki, “Bir kəmər, bir yol” təşəbbüsünün birlikdə həyata keçirilməsində irəliləyiş, beynəlxalq münasibətlərdə sıx qarşılıqlı fəaliyyət müşahidə olunur.

***

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar da İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.

Ersin Tatar bu barədə X sosial şəbəkəsindəki səhifəsində paylaşım edib. Paylaşımda bildirilib: “Azərbaycan Prezidenti vəzifəsinə seçkilərdə ilkin nəticələrə görə tarixi zəfərlə yenidən prezident seçilən cənab İlham Əliyevi ürəkdən təbrik edir, seçkilərin nəticələrinin bütün qardaş Azərbaycana xeyirli olmasını diləyirəm”.

***

Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib.

Bu barədə o, “X” sosial şəbəkə hesabında yazıb. “İlham Əliyevi Azərbaycanda keçirilən prezident seçkilərində əldə etdiyi qəti qələbə münasibətilə təbrik edirəm", – deyə Pakistan Prezidenti vurğulayıb.

Təbrikində iki ölkə arasındakı davamlı dostluğu və əməkdaşlığı daha da gücləndirməyi səbirsizliklə gözlədiyini yazan A.Alvi bildirib: “Sizin liderliyiniz tərəqqi və sabitliyə ilham verməkdə davam edir. Pakistan davamlı dostluğumuzu və əməkdaşlığımızı gücləndirməyi səbirsizliklə gözləyir. Uğurlarınızın davamlı olmasını arzulayırıq!”.

***

Serbiya Prezidenti Aleksandr Vuçiç Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

“Bu qələbə Azərbaycan vətəndaşlarının Sizin liderliyinizə olan hədsiz etimadının təzahürüdür. Bununla yanaşı, bu nəticə dahi Heydər Əliyev tərəfindən qoyulmuş təməl üzərində son 20 ildə Sizin daxili, regional və beynəlxalq müstəvidə əldə etdiyiniz misilsiz nailiyyətlərə verilmiş qiymətdir.

Sizin strateji siyasətiniz və sadiqliyiniz sayəsində Azərbaycan sosial və iqtisadi inkişaf istiqamətində ciddi irəliləyişə nail olmuş, hər bir vətəndaşın təhlükəsizliyi və firavanlığı təmin edilmiş, ölkəniz regional liderə çevrilərək beynəlxalq arenada həsədaparılası nüfuza sahib olmuşdur”, – deyə məktubda bildirilir.

Vuçiç qeyd edib ki, Serbiya Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir və heç vaxt unutmur ki, ölkəniz həqiqi dost və həyati əhəmiyyətli maraqlarımızın müdafiəçisi olduğunu dəfələrlə sübut edib: “Məmnuniyyətlə qeyd edirəm ki, bizim siyasi, iqtisadi və humanitar sahələrdə strateji əməkdaşlığımız və əlaqələrimiz bir çox aspektlər üzrə genişlənmişdir. Mən tam əminəm ki, Sizin davamlı müdrik rəhbərliyiniz və liderliyiniz sayəsində Serbiya və Azərbaycan arasında uzunmüddətli və sıx tərəfdaşlıq qarşılıqlı maraqlar naminə güclənəcək və inkişaf edəcəkdir”.

***

Fevralın 8-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin də Azərbaycan rəhbərinə zəng edib.

Vladimir Putin İlham Əliyevə prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırıb, ona Azərbaycanın inkişafı və xalqımızın firavanlığı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Vladimir Putinə minnətdarlığını ifadə edib.

Dövlət başçıları müttəfiqlik və strateji tərəfdaşlıq əlaqələrimizin müxtəlif sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliklərini bildirib, əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.

***

Ukrayna Prezidenti Volodimir Zelenski İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.

Bununla bağlı Volodimir Zelenski “X” sosial şəbəkə hesabında paylaşım edib. “Mən ölkələrimizin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi yüksək qiymətləndirirəm. Dövlətimizin azadlıq mübarizəsinin tarixi dövründə humanitar və digər yardımlara görə Azərbaycana minnətdarıq”, - deyə o bildirib.

“Prezident Əliyevlə şəxsi konstruktiv və etibarlı münasibətimi, razılaşmaların həyata keçirilməsini və komandalarımız arasında səmərəli qarşılıqlı fəaliyyəti yüksək qiymətləndirirəm. Əminəm ki, Ukrayna və Azərbaycan arasında strateji əlaqələr yalnız möhkəmlənəcək”, - deyə Volodimir Zelenski təbrikində vurğulayıb.