Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “Qonağımız var” layihəsi davam edir. Layihə çərçivəsində daha bir neçə sənətçi ilə mədəniyyət ocaqlarında görüşlər təşkil edilib.

Mərdəkan Mədəniyyət Sarayında Xalq artisti, müğənni və bəstəkar Tünzalə Ağayeva ilə görüş keçirilib.

Müğənninin həyat və fəaliyyəti haqqında məlumat verilib, yaradıcılıq uğurlarından söhbət açılıb. Tünzalə Ağayeva repertuarından “Sevgi var”, “Gülbahar”, “Hədiyyə”, “Bu gün hər şey yaxşı olacaq”, “Bir də baxım bu dünyaya” kimi sevilən mahnıları ifa edib. Tamaşaçılarla səmimi ünsiyyət yaradan sənətçi onların suallarını cavablandırıb. Görüş “Səma” rəqs kollektivinin müşayiəti ilə müğənninin ifasında “Mən azərbaycanlıyam” mahnısı ilə sona çatıb.

***

Suraxanı rayon Heydər Əliyev Mərkəzində Xalq artisti, müğənni Nazpəri Dostəliyeva ilə görüş olub.

Tamaşaçıların alqış sədaları altında səhnəyə dəvət olunan Xalq artisti həyat və sənət fəaliyyəti haqqında danışıb. Sonra repertuarından “Nə olar, Allahım, ayırma bizi”, “Dilbərim”, “Bağışla, ana”, “Yar qadanı alımmı”, “Gülüm”, “Azərbaycan” və digər sevilən mahnılarını ifa edib. Müğənni tamaşaçıların suallarını da cavablandırıb, onlarla xatirə şəkilləri çəkdirib.

***

Maştağa qəsəbəsindəki H.Abbasov adına Mədəniyyət Mərkəzində isə Xalq artisti, müğənni Brilliant Dadaşova ilə görüş keçirilib. Müğənni “Bayatılar”, “Dərdimdən öləcəksən”, “Hər şey gözəldir”, “Yandırdın qəlbimi”, “Üzüm” kimi populyar mahnılarını səsləndirib.

Aparıcı Xalq artistinin həyat və sənət yolu haqqında məlumat verib. Sonda müğənni “Aysel” rəqs ansamblının müşayiəti ilə “Yaşa, Azərbaycan!” mahnısını ifa edib.

***

Layihənin daha bir qonağı Əməkdar artist, müğənni Ədalət Şükürov olub. “Aysel” rəqs qrupunun çıxışından sonra müğənni tamaşaçıların alqışları ilə səhnəyə dəvət edilib. Ədalət Şükürov həyat və fəaliyyəti haqqında danışıb, “Qoca çinar”, “Bir yaz axşamı”, “İtirdim” mahnılarını ifa edib.

O daha sonra tamaşaçıları maraqlandıran sualları cavablandırıb. Görüş müğənninin ifasında “Azərbaycan” mahnısı ilə başa çatıb.

***

Layihə çərçivəsində müğənni Zamiq Hüseynovla da görüş keçirilib. Aparıcı müğənni haqqında məlumat verdikdən sonra Zamiq Hüseynov “Səni sevirəm”, “Var ol”, “Kaman” mahnılarını səsləndirib. Musiqili görüşün sonunda “Səma” rəqs kollektivinin müşayiəti ilə müğənni “Azərbaycan” mahnısını ifa edib.