ADRA-nın rəhbəri Aydın İbadov: “Sahibkarlarla aparılan maarifləndirmə işləri öz müsbət nəticəsini göstərir”
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) dövlət başçısının 20 iyun 2017-ci il tarixli fərmanı ilə yaradılıb. Qurumun əsas məqsədi açıq məkanda reklam mühitinin sağlamlaşdırılması, inkişaf etdirilməsi, reklamın məzmunu və reklam daşıyıcıları üzrə hüquqi və texniki tələblərin qorunmasını təmin etmək, reklam yayıcıları və sahibkarlara dəstək vermək, onları maarifləndirməkdir.
Agentlik öz fəaliyyətini ölkə rəhbərinin apardığı sahibkarlara dəstək tədbirlərinə və bu sahədə vətəndaş məmnunluğunu təmin etmək yönündəki tapşırıqlarına uyğun şəkildə qurur.
Müsahibimiz ADRA idarə heyətinin sədri Aydın İbadovdur.
– Aydın müəllim, agentliyin ötən ilki fəaliyyətini necə qiymətləndirirsiniz?
– Ötən il Dövlət Reklam Agentliyi dövlət rüsumu və yayım haqlarının yığımı ilə bağlı rekord nəticə əldə edib. Eyni zamanda açıq məkanda reklamların qeydiyyata alınması ilə bağlı daxil olan müraciət sayında da artım müşahidə olunub və biz bu artım tendensiyanı davam etdirməyə çalışırıq.
– Reklam yerləşdirilməsi ilə bağlı tələblərdə dəyişikliklər varmı?
– Yaxın gələcəkdə paytaxtın açıq məkanda reklam simasına yeni nəfəs gələcək. Buna Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “Reklam qurğularına texniki tələblər”də dəyişiklik edilməsi haqqında qərar şərait yaradacaq. Agentlik tərəfindən hazırlanan layihədə biz beynəlxalq təcrübədən yararlanmışıq. Qərar Bakı şəhəri ərazisində tarixi, mədəni, memarlıq dəyəri olan binaların müasir estetik görünüşünü və ən əsası, təhlükəsizlik üzrə kompleks tələblərin həyata keçirilməsinə vəsilə olacaq. Sahibkarların fəaliyyətində çətinlik yaratmamaq məqsədilə onun icrası mərhələli şəkildə həyata keçiriləcək.
– Siz həm də Dövlət Dil Komissiyasında təmsil olunursunuz. Dil Komissiyası yanında Monitorinq Mərkəzi ilə əməkdaşlıq edirsinizmi?
– ADRA ilə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin birgə əməkdaşlığına əsasən, ötən il mərkəz tərəfindən agentliyin əməkdaşlarına bir neçə mərhələdə təlimlər keçilib. Təlimlərdə reklam daşıyıcılarında dövlət dilinin saflığının qorunması, Azərbaycan ədəbi dil normalarının düzgün tətbiqinin təmin edilməsi, reklam mətnlərinin tərtibi zamanı qrammatik normalar və s. məsələlərə xüsusi diqqət yetirilib. Həmçinin ADRA əməkdaşlarının dil vahidləri ilə bağlı üzləşdiyi çətinliklər, əcnəbi sözlərin qarşılığının dəqiqləşdirilməsi, reklam mətnlərində işlənən yeni termin və sözlərin dilimizin yazı sisteminə uyğunlaşdırılması kimi məsələlərə toxunulub. Monitorinq Mərkəzi ilə əməkdaşlığımızı bu ildə də davam etdirəcəyik. Bu il dövlət dilinin təbliği ilə bağlı uzunmüddətli maarifləndirici sosial layihənin həyata keçirilməsini planlaşdırırıq.
Xarici dildə mətn dövlət dilində mətndən sonra yerləşdirilməlidir
– Azərbaycan dilinin saflığının qorunmasına və dil qaydalarına nə dərəcədə əməl edilir? Bu sahədə həyata keçirilən layihələrə əsasən, real nəticələrdən danışmaq mümkündürmü?
– “Reklam haqqında” Qanunun 4.7-ci maddəsinin, həmçinin “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun 7-ci maddəsinin müddəalarına görə, reklamda dövlət dilinin tələblərinə riayət edilməlidir. Reklamvericinin tələbinə əsasən, reklam qurğularında yerləşdirilən reklamın mətnində dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməlidir və dövlət dilində olan mətnin tutduğu sahədən böyük olmamalıdır. Mətnində digər dillərdə ifadə olunan əmtəə nişanı və coğrafi göstərici müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən qeydə alındığı formada göstərilməlidir. Həmçinin qanunvericiliyə əsasən, sahibkarların bazarda özlərini istehlakçıya öz adları ilə tanıtmaq hüququ vardır ki, xarici dildə ada malik olan ticarət və xidmət obyektləri həmin hüquqlarından istifadə edirlər. 2023-cü il ərzində ümumilikdə açıq məkanda qanunvericiliyin tələblərinə cavab verməyən 7760 reklamın yayımı dayandırılıb. Bunlardan 842-si, yəni 10,8 faizi dövlət dili normalarının pozulması halları ilə bağlıdır. Bu, 2022-ci illə müqayisədə azdır. Görünən odur ki, aparılan maarifləndirmə işləri öz müsbət nəticəsini verir.
– Sahibkarlarla reklam işinin təşkili sahəsində maarifləndirmə işi necə qurulur?
– Sahibkarların maarifləndirilməsi işi agentliyin diqqət mərkəzindədir. Rsmi saytımız və çağrı mərkəzimiz, eləcə də agentliyin sosial şəbəkə platformalarındakı səhifələri vasitəsilə daxil olan zənglərlə sahibkarları maraqlandıran bütün suallar cavablandırılır. Biz, ümumiyyətlə, mediaya açığıq. Agentlik rəsmilərinin tez-tez mediada çıxışları, açıqlama və müsahibələri təşkil olunur. Sahibkarlarla da müxtəlif platformalarda görüşlərimiz keçirilir. Bu zaman onların maarifləndirilməsi ilə bağlı söhbətlərlə yanaşı, məlumatlandırıcı bukletlər də paylanılır.
Süni intellekt də köməyimizə gələcək
– Müsahibələrinizin birində agentliyin işində süni intellektin tətbiq ediləcəyi ilə bağlı məlumat vermişdiniz. Bu sahədə hansı işlər görülür?
– Bəli, agentlik ölkəmizin reklam tarixində bir ilkə imza atacaq. Fəaliyyətimizdə süni intellektin imkanlarından istifadə olunacaq. Artıq bununla bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir. Onun tətbiqi nəticəsində reklamın növü, ünvanı, zonası, sahəsinin ölçüsü, dövlət rüsumu və yayım haqqı, qeydiyyatının olub-olmamağı və s. barədə məlumatlar avtomatlaşdırılmış şəkildə müəyyənləşdirilərək yeni yaradılmış mərkəzi sistemə ötürüləcək. Sistemdə məlumatlarda olan uyğunsuzluqlar dərhal təsbit ediləcək və onların aradan qaldırılması ilə bağlı zəruri tədbirlər görüləcək.
– Agentliyin başqa yeni layihələri nəzərdə tutulurmu?
– Bu il açıq məkanda reklam sahəsində bir sıra yeniliklərin tətbiqini planlaşdırırıq. Bu yeniliklər özündə daha çox innovativ həllərin, yeni texnologiyaların aktiv tətbiqini, eləcə də fasad reklam qurğularının müasir tələblərə cavab verən estetik görünüşünü, onların yenilənən şəhər infrastrukturu ilə ahəngini ehtiva edəcək. Yaxın gələcəkdə “Reklam məlumat mərkəzi”nin hazırlanaraq reklam yayıcılarının istifadəsinə verilməsini planlaşdırırıq. Reklam yayıcısı həmin sistemə daxil olmaqla onu maraqlandıran ərazidəki bütün mövcud reklam daşıyıcıları haqda ətraflı məlumat almaq, istəyinə uyğun reklam daşıyıcısını seçmək və birbaşa həmin daşıyıcı üzərində reklam yerləşdirmək imkanı əldə edəcək. Bu layihənin həyata keçirilməsi reklam yayıcısının işini asanlaşdırmaqla yanaşı, həm reklam daşıyıcılarının qeydiyyatı sahəsində şəffaflığı təmin edəcək, həm də açıq məkanda reklam sahəsində fəaliyyət göstərən sahibkarların işini daha da stimullaşdıracaq.
Daha bir yenilik “Reklama intellektual nəzarət sistemi”nin yaradılmasıdır. Ölkəmizdə, bütün sahələrdə olduğu kimi, reklam sahəsində də sürətli inkişaf gedir, müasir monitor tipli reklam qurğularına daha çox üstünlük verilir. Qeyd etdiyim sistem həmin növ qurğular üzərində tətbiq ediləcək. Açıq məkanda yayımlanan videomateriallarda informasiya təhlükəsizliyi yüksək diqqət tələb edir. Yeni sistemin yaradılması informasiya təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu sistemin tətbiqinə hazırlıq işləri də yekunlaşmaq üzrədir.
Lalə Azəri