Milli Kitabxananın dövri mətbuat arxivindən...

 

Mətbu səhifələrdən seçmələrdə növbəti səyahətimiz 1936-cı ilədir. O dövrün “Ədəbiyyat” qəzeti Azərbaycan mədəniyyətinin böyük siması Cəfər Cabbarlının vəfatından (31 dekabr 1934-cü il) ötən təxminən bir il ərzində onun zəngin dramaturji irsinin necə yaşadılmasından yazır.

Diqqətimizi çəkən digər bir yazı isə 1936-cı ildə bütün sovetlər ölkəsində geniş yayılan “Staxanov hərəkatı”nın (birgünlük əmək növbəsində 10 qat artıq kömür çıxarmış məşhur şaxtaçının adı ilə – red.) incəsənət, kino sahəsində tətbiqi ilə bağlıdır.

Qeyd: şəhər (yer), teatr və s. adları ilə bağlı o dövrün mətbuatındakı yazılış forması və üslub saxlanılıb.

 

Cəfər operada

 

Böyük istedad və talant sahibi olan Cəfər hələ öz sağlığında opera səhnəsinə iki əsər (libretto müəllifi kimi – red.) vermişdi (“Şahsənəm” və “Səfa” operaları). Cəfərin vəfatından sonra onun dram əsərləri üzrə opera yazmaq məsələsi ən böyük və tanınmış kompozitorların gündəlik işi sırasına girmişdir. “Şahsənəm”in müəllifi Xalq artisti Qliyer keçən ildən “1905-ci ildə” əsəri üzrə opera yazmağa başlamışdı. Qliyer bu il bu operanı qurtarmaq fikrindədir. Kompozitor Ter-Hovandyan keçən ildən “Od gəlini” əsəri üzrə opera yazmağa başlamışdır.

 

On böyük şəhər teatrında

 

Cəfər Cabbarlının ölümündən keçən bir il onun əsərlərinin ən çox tərcümə edilən və səhnələrdə ən çox oynanılan il olmuşdur. Vəfatından sonra Cəfərin adı və şöhrəti Azərbaycan və Zaqafqas hüdudunu aşmış, Orta Asiya, Volqa, Qrım, Lenin şəhəri və sairəyə qədər getmişdir.

36-cı ildə Cəfərin əsərləri aşağıdakı yerlərdə oynanılır: Leninqrad, Mosqva, Qazan (Tatarıstan), Ufa (Başqırdıstan), Astraxan, Simferopol, Rostov, Taşkənt, Səmərqənt (Özbəkistan), Aşqabad (Türkmənistan), Orconokidze (Şimali Osetiya), Maxac Qala, Dərbənd (Dağıstan), Qutais (Gürcüstan), Batum (Acarıstan), Erivan (bir neçə teatroda), Leninaqan (Ermənistan).

Bundan başqa Cəfərin əsərləri Azərbaycanda aşağıdakı teatrolarda oynanılır və oynanılacaq. Az DDT, Bakı İşçi Teatrosu, Devlət Erməni Teatrosu, L.Berija adına Kirovabad Devlət Teatrosu (türkcə və ermənicə), Bakı Tatar, Yəhudi və Tat işçi teatroları, Ağdam və Naxçıvan devlət teatroları. M.F.Axundov adına Devlət Opera və Balet Teatrosunda Cəfərin librettası üzrə yazılmış “Şahsənəm” əsəri oynanılır.

 

Kinoda Staxanov metodu

 

...Kino filmini mümkün qədər tez bir zamanda meydana gətirmək məsələsi kino işçilərini coqdan bəri düşündürməlidir. Film orta hesabla bir və yaxud bir yarım ilə çəkilib qurtarır. Bu az zaman dəyildir. Vaqtın belə uzun olması bir tərəfdən onun baha çəkilməsinə səbəb olur, digər tərəfdən kino işçilərinin ixtisas və yaradıcılığının artmasına mane olur... Staxanov metodunun quruluşumuzun hər sahəsində göstərmiş olduğu cari nümunələr biz kino işçilərini də az düşündürmür. Biz işimizi yenidən qurmağa və surət məsələsində əldə edilmiş köhnə iş metodlarını yenidən nəzərdən keçirməyə məcbur oluruq...

Lakin Azərkinoda olan bir sıra təcrübələr... göstərir ki, filmin çəkilməsi üçün gözəl şərait yarada biləcək bu müddətdən lazımi qədər istifadə edilməlidir. Eyni zamanda belə bir metod kolleqtivin yaradıcılıq birliyini və intizamını qüvvətləşdirəcək, ayrı-ayrı istedadların inkişafına imkan verəcək, obrazların daha dərin olmasına və həqiqi surətdə yaradılmasına səbəb olacaqdır...

Xalq artisti Xeyri Əmirzadə

“Ədəbiyyat” qəzeti, 14 fevral 1936-cı il