Azərbaycan Universiteti “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Qarabağın dirçəlişi – ekolayihələr” mövzusunda “Ən yaxşı tələbə elmi işi” müsabiqəsi elan edir. Müsabiqənin məqsədi işğaldan azad olunmuş torpaqlarda başlanan quruculuq işlərində gənclərin aktiv iştirakının təmin edilməsidir.

Müsabiqədə Azərbaycanın bütün universitetlərini təmsil edən bakalavriat və magistratura tələbələrinin yeni ekoloji, innovativ ideyaları, “smart city - smart village” konsepsiyasının reallığa çevrilməsi üçün təkliflərinin toplanması, gənc istedadların üzə çıxarılması və onların elmi tədqiqata cəlb olunması nəzərdə tutulur. Müsabiqənin əsas istiqaməti ətraf mühitin yaxşılaşdırılmasına, sağlamlığa mənfi təsirinin azaldılmasına və əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək edəcək ən yaxşı elmi-praktik layihələrin müəyyənləşdirilməsidir.

Müsabiqə alternativ və bərpa olunan enerji və onun saxlanması (külək, günəş-istilik, hidroenerji, biokütlə, bioqaz, dəniz sistemləri, hidrogen və s.); enerjiyə qənaət, idarəetmə və effektivlik (enerjinin idarə edilməsi, elektrik şəbəkələri, enerji  istehsal sistemləri, enerjiyə qənaət edən cihazlar, alternativ mühərriklər); enerji menecmenti, nəqliyyatda enerjiyə qənaət, adi və alternativ yanacaq növləri (alternativ yanacaqlar, hibrid nəqliyyat vasitələri, alternativ nəqliyyat sistemləri, alternativ mühərriklər);

enerji, elm, texnika və cəmiyyət (hüquqi çərçivələr və idarəedici orqanlar, maliyyə sxemləri və proqramlar – beynəlxalq, regional və yerli, iqlim dəyişikliyi, meteorologiya, ekoturizm, ekologiya və inkişaf); dayanıqlı enerji sistemləri və intellektual şəbəkələr; arxitektor dizayner layihələri (smart city, ekoloji təmiz tikinti materialları, ekodizayn, innovativ tikinti texnologiyaları); işğal dövründə və hərbi əməliyyatlar nəticəsində çirklənmiş ərazilərin təmizlənməsi və kənd təsərrüfatı üçün yararlı hala salınması istiqamətlərini əhatə edir.

Müsabiqə haqqında daha ətraflı https://www.au.edu.az/az/research/musabiqe_ekolahiye_2024 linki vasitəsilə məlumat ala bilərsiniz.