Olaylar, faktlar (8 – 11 fevral)
261 il əvvəl...
10 fevral 1763-cü ildə Britaniya, Portuqaliya, Fransa və İspaniyanın iştirak etdiyi “Yeddiillik müharibə” (1756–1763) başa çatıb. Paris sülh müqaviləsinin şərtlərinə əsasən, Fransa Kanada üzərində idarəçiliyi Britaniyaya, Kubanı isə İspaniyaya verib. Öz növbəsində Britaniya Filippini İspaniyaya güzəştə gedib, əvəzində Floridanı (ABŞ-nin gələcək ştatı) əldə edib.
196 il əvvəl...
10 fevral 1828-ci ildə Rusiya ilə İran arasında müharibənin (1826–1828) yekunlarına dair Türkmənçay müqaviləsi bağlanıb. Təbriz yaxınlığındakı Türkmənçay kəndində Rusiya tərəfdən general İvan Paskeviç, İran tərəfdən şahzadə Abbas Mirzənin imzaladığı müqaviləyə əsasən, Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları Rusiyaya birləşdirilib. Azərbaycan torpaqlarının Rusiya və İran arasında Araz çayı boyunca bölüşdürülməsi başa çatıb. Bundan öncə Gülüstan müqaviləsi (12 oktyabr 1813-cü il) ilə Şimali Azərbaycanın digər xanlıqları Rusiyaya birləşdirilmişdi.
117 il əvvəl...
8 fevral 1907-ci ildə Təbrizdə İran şah rejiminə qarşı silahlı xalq üsyanı başlanıb. İran inqilabının (1905–1911) mərkəzi Cənubi Azərbaycana, Təbrizə keçib. Bir qədər sonra Səttərxanın fədai dəstələri bütün Cənubi Azərbaycanda inqilab hakimiyyətini bərqərar etdilər.
100 il əvvəl...
9 fevral 1924-cü ildə Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yaranıb. Naxçıvanın muxtariyyəti ilk dəfə 1918-ci ilin noyabrında, ermənilərin bölgəyə hücumları zamanı elan olunmuşdu. Həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti bölgəyə kömək etmək imkanında deyildi və Naxçıvanda “Araz Türk Cümhuriyyəti” adlı qurum yaranmışdı. Bolşeviklərin hakimiyyətə gəlməsindən sonra Türkiyənin dəstəyi ilə (1921-ci ilin Moskva və Qars müqavilələri) bölgənin Azərbaycanın ayrılmaz hissəsi olduğu təsbit edildi. 1923-cü ildə muxtar diyar adlanan Naxçıvan bir il sonra muxtar respublika statusu aldı.
65 il əvvəl...
11 fevral 1959-cu ildə Türkiyə ilə Yunanıstan arasında Kipr adası ilə bağlı Sürix-London müqavilələri imzalanıb. Daha sonra Britaniyanın (Kiprin faktiki metropoliyası), habelə adanın yunan və türk icmalarının da imzaladığı sazişlərə əsasən, 1960-cı ildə Kiprdə iki icmanın birgə dövləti yarandı. Amma ideya az sonra iflasa uğradı və adada hərbi münaqişə başladı.
32 il əvvəl...
11 fevral 1992-ci ildə erməni silahlı qüvvələri Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərini işğal edib. 28 il işğaldan sonra, 2020-ci ilin İkinci Qarabağ müharibəsinin yekunlarına əsasən, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətinə keçən hər iki kənd, 2023-cü ilin 19-20 sentyabrındakı lokal antiterror əməliyyatının nəticəsi olaraq Azərbaycanın suverenliyi altına qayıtdı.
26 il əvvəl...
10 fevral 1998-ci ildə Azərbaycanda ölüm hökmü ləğv edilib. Prezident Heydər Əliyevin təqdim etdiyi qanun layihəsi Milli Məclisdə qəbul olunub. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndən sonra ölüm hökmlərinin icrasına moratorium qoyulmuşdu. Azərbaycan müsəlman ölkələri arasında birinci olaraq bu addımı atdı.
Hazırladı: V.Orxan