Yunus Əmrə İnstitutu və Türkiyənin Londondakı Baş konsulluğu Böyük Britaniyada yaşayan türk rəssamları üçün istedadlar bayramı – 6-cı Türk İcması İncəsənət Sərgisini təşkil edir. Sərgi martın 5-dən 25-dək davam edəcək.
Sərgi Yunus Əmrə İnstitutunun Londondakı qalereyasında açılacaq. Burada müxtəlif incəsənət əsərləri – rəssamlıq, rəqəmsal sənət, fotoqrafiya, qısametrajlı filmlər, ənənəvi və müasir incəsənət, heykəllər, instalyasiyalar və s. təqdim olunacaq.
Bu sərgi geniş auditoriya ilə istedadını bölüşmək arzusunda olan türk rəssamları üçün gözəl fürsətdir. Son beş ildə Böyük Britaniya və xaricdəki digər türk icmalarından layihəyə maraq artıb. Təkcə ötən il sərgidə 60-dan çox rəssamın 140 əsəri nümayiş olunub.
Türkiyə Cümhuriyyətinin Londondakı baş konsulu Bekir Utku Atahan, Yunus Əmrə İnstitutunun Londondakı şöbəsinin direktoru Mehmet Karakuş və Böyük Britaniyada yaşayan məşhur türk rəssamlarından ibarət münsiflər heyəti təqdim olunan işləri qiymətləndirəcək.