53 mindən çox insan zəlzələdə həlak olandan sonra...
Türkiyənin əhalisi 2023-cü ildə öncəki illə müqayisədə 92 min 824 nəfər artaraq 85 milyon 372 min 377 nəfərə çatıb. Bu barədə Türkiyə Statistika Qurumunun məlumatında deyilir.
Bu, son illərdə ölkədə qeydə alınan ən az əhali artımıdır. 2022-ci ildə hər 1000 nəfərə 7,1 artım olduğu halda, 2023-cü ildə bu göstərici 1,1-ə düşüb. Bu azalmada 2023-cü ilin 6 fevralında baş verən və 53 mindən çox insanın həyatına son qoyan zəlzələnin də şəksiz izi var.
Məlumata görə, ölkədə kişi əhalinin sayı 50,1 faiz (42 milyon 734 min 71 nəfər), qadınların sayı isə 49,9 faiz (42 milyon 638 min 306 nəfər) təşkil edib.
İstanbulda əhali sayı inişillə müqayisədə 252 min 27 nəfər azalaraq ötən il 15 milyon 655 min 924 nəfər olub. Hazırda ölkə əhalisinin 18,34 faizi İstanbulun payına düşür. Əhali sayına görə İstanbuldan sonra ikinci yerdə olan Ankarada 5 milyon 803 min 482 nəfər yaşayır. Sonrakı üç yeri İzmir (4 milyon 479 min 525 nəfər), Bursa (3 milyon 214 min 571 nəfər) və Antalya (2 milyon 696 min 249 nəfər) tutur. Ən az əhalisi olan bölgə isə 86 min 47 nəfərin yaşadığı Bayburtdur.
Türkiyədə yaşayan əcnəbilərin sayı isə 2022-ci ilə nisbətən ötən il 253 min 293 nəfər azalaraq 1 milyon 570 min 543 nəfərə düşüb.