Prezident seçkilərini müşahidə etmək üçün Azərbaycana gələn Türk Dövlətləri Təşkilatının (TDT, mənzil-qərargahı İstanbulda yerləşir) baş katibi Kubanıçbek Ömüralıyev Bakıda Türk Mədəniyyəti və İrsi Fondunu (TMİF) ziyarət edib.
Kubanıçbek Ömüralıyev TMİF-in prezidenti Aktotı Raimkulova və fonda üzv dövlətlərin diplomatları ilə görüşüb.
Fonddan bildirilib ki, görüşdə Türk dünyasında inteqrasiya prosesləri və bu istiqamətdə Türk əməkdaşlıq təşkilatlarının koordinasiyalı fəaliyyətlərinin önəmindən bəhs olunub. TMİF ilə TDT arasında əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyəti qeyd olunub.
Türk dövlətlərinin maddi-mənəvi irsinin təbliği, qorunması və bərpası sahəsində Türk Mədəniyyəti və İrsi Fondunun rolu vurğulanıb, o cümlədən “Türk dünyasının mədəni irsi haqqında” Konvensiyanın hazırlanması yüksək qiymətləndirilib.