Dünyanın ən hündür televiziya qülləsi olan “Tokyo Sky Tree” Yaponiya paytaxtının sakinlərinin və bu şəhərin qonaqlarının ən çox ziyarət etdiyi turizm obyektlərindən biridir.
   Mayın 22-də fəaliyyətə başlamasının bir ilini qeyd edən qüllənin operatoru “Tobu Group”dan bildirildiyinə görə, qüllə və ona bitişik ticarət-əyləncə kompleksi bir ildə 58 milyondan çox insana xidmət göstərib. Hündürlüyü 634 metr olan qülləni isə 8 milyon 450 min insan ziyarət edib.
   “Tokyo Sky Tree”də iki tamaşaçı meydançası quraşdırılıb. Onlardan biri 350 metr, digəri isə 445 metr hündürlükdə yerləşir. Birinci meydançanın döşəməsinin müəyyən hissələri xüsusi möhkəmliyə malik şüşədəndir və insanlara ayaqları altındakı şəhəri görməyə imkan yaradır. Yaponiya paytaxtının ən populyar yerinə çevrilən qüllədə olmaq istəyənlər üçün biletlər artıq sentyabrın sonunadək bronlaşdırılıb.
   Burada eyni zamanda böyük əyləncə-ticarət kompleksi yaradılıb. Kompleksə 52 min kvadratmetr sahədə dəniz faunasının 10 min növünün yerləşdiyi okeanarium, kosmik peyzajların və Tokionun retrospektivinin nümayiş etdirildiyi planetari və 300-dən artıq mağaza və restoranlar şəbəkəsi daxildir.
   Layihəyə təqribən 634 milyon dollar vəsait sərf edilib. Fəaliyyətdə olduğu ilk ildə qüllə operator şirkətə 160 milyon dollar gəlir gətirib. 
   
   Fəxriyyə Abdullayeva