İlham Əliyev seçkiləri müşahidə missiyalarının rəhbər və heyətləri ilə görüşüb

 

7 fevral növbədənkənar prezident seçkilərini müxtəlif beynəlxalq və regional təşkilatların, ayrı-ayrı ölkələrin parlamentlərinin nümayəndə heyətləri müşahidə edib. Seçkilərdə inamlı qələbə qazanan dövlət başçısı İlham Əliyev onların bir qismi ilə görüşüb.

 

MDB-nin baş katibi: Azərbaycan xalqı üçün tarixi seçkilər idi

 

Fevralın 8-də Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) baş katibi Sergey Lebedevi qəbul edib.

Sergey Lebedev İlham Əliyevə seçkilərdə inamlı qələbə münasibətilə təbriklərini çatdırıb.

Dövlətimizin başçısı Sergey Lebedevə və MDB müşahidə missiyasının bütün üzvlərinə seçkiləri müşahidə etdiklərinə görə təşəkkürünü bildirib, missiyanın Azərbaycanda bu və daha əvvəlki seçkilərdə də müşahidələrdə fəal şəkildə iştirak etdiyini vurğulayıb.

Sergey Lebedev qeyd edib ki, Azərbaycanda seçki prosesini müşahidə etmək onlar üçün böyük şərəf və eyni zamanda məsuliyyətdir. Qeyd edib ki, bu, Azərbaycan xalqı üçün tarixi bir gün və tarixi seçkilər idi. Ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, regionda uzunmüddətli və davamlı sülh üçün yaxşı imkanların yarandığını deyən qonaq bu seçki prosesində sadə insanlarla, seçicilərlə, müşahidəçilərlə geniş söhbətlərinin olduğunu, Azərbaycan xalqının bu seçkilərdə xüsusi rəğbət hissi ilə öz seçki hüququndan istifadə etdiklərini bildirib.

MDB-nin baş katibi Azərbaycan xalqının ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunandan sonra ilk dəfə keçirilən seçkidə iştirak etdiyini deyib, həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərini, keçmiş məcburi köçkünlərin öz evlərinə qayıtmasını və həmin ərazilərdə seçki hüquqlarından istifadə etdiklərini vurğulayıb.

Sergey Lebedev MDB müşahidə missiyasının 170-ə yaxın müşahidəçi ilə seçki prosesində təmsil olunduğunu diqqətə çatdırıb, seçkilərin Azərbaycan Respublikasının müvafiq qanunlarına uyğun qaydada açıq, demokratik şəkildə təşkil olunduğunu bildirib.

Dövlətimizin başçısı seçkilərin ilk dəfə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü təmin olunmuş şəkildə ölkəmizin bütün ərazisində, o cümlədən Xankəndidə, Şuşada və digər rayonlarda keçirildiyini qeyd edərək bunun Azərbaycan xalqı üçün xüsusi tarixi əhəmiyyət daşıdığını vurğulayıb.

Söhbət zamanı MDB-nin aidiyyəti strukturları ilə Azərbaycan arasında əməkdaşlıq məsələlərinə də toxunulub, Azərbaycanın MDB çərçivəsində əlaqələrə və müzakirələrə töhfə verdiyi, MDB ölkələri arasında siyasi, mədəni, iqtisadi və digər sahələrdə əməkdaşlıq layihələri barədə fikir mübadiləsi aparılıb.

 

Azərbaycanda TDT-nin qeyri-rəsmi zirvə toplantısı keçiriləcək

 

Prezident İlham Əliyev fevralın 8-də Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.

Seçkilərdə inamlı qələbəsi münasibətilə İlham Əliyevə təşkilat adından təbriklərini çatdıran Kubanıçbek Ömüralıyev TDT-nin geniş müşahidə missiyasının Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Şuşada, Xankəndidə və azad edilmiş digər ərazilərdə olduğunu, Türk dünyasının başqa təsisatlar ilə əlaqələndirilmiş şəkildə seçki prosesini müşahidə etdiklərini vurğulayıb. O, seçkilərin çox mükəmməl və peşəkarlıqla təşkil olunduğunu qeyd edib.

TDT-nin baş katibi şanlı Qarabağ Zəfəri və ölkəmizin ərazi bütövlüyünün tam təmin olunması ilə əlaqədar Azərbaycan xalqının bu seçkilərdə xüsusi əhvali-ruhiyyə ilə seçki hüquqlarından istifadə etdiklərini deyib.

Prezident İlham Əliyev TDT-nin müşahidə missiyasının bütün üzvlərinə seçkiləri müşahidə etdiklərinə görə minnətdarlığını bildirib.

Kubanıçbek Ömüralıyev qeyd edib ki, Azərbaycan TDT çərçivəsində inteqrasiya prosesinə və tərəfdaşlığın daha da yüksəlməsinə daim öz töhfələrini verir.

Görüşdə bu il Azərbaycanda TDT-nin qeyri-rəsmi Zirvə toplantısının keçiriləcəyi məmnuniyyətlə qeyd edilib. Təşkilatın bundan sonra da inkişafının, əməkdaşlığı və tərəfdaşlığı daha da gücləndirəcək yeni layihələrlə çıxış etməsinin vacibliyi diqqətə çatdırılıb.

 

ŞƏT-in baş katibi: COP29 çərçivəsində də əməkdaşlıq edəcəyik

 

Fevralın 8-də İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Can Mini də qəbul edib.

İlham Əliyev müşahidə missiyasında iştirakına görə təşkilatın baş katibinə, müşahidə qrupunun üzvlərinə və üzv dövlətlərə minnətdarlığını bildirib.

Can Min Azərbaycanın ŞƏT-in fəal tərəfdaşlarından biri olduğunu və ölkəmizlə əlaqələrin hərtərəfli inkişafına əhəmiyyət verdiklərini bildirib. Baş katib Heydər Əliyev Fondunun xətti ilə qurulan mədəni-humanitar əməkdaşlığı xüsusilə qeyd edib.

Dövlətimizin başçısı Azərbaycan ilə ŞƏT arasında əlaqələrin hərtərəfli inkişafı üçün böyük imkanların olduğunu bildirdi, ölkəmizin eyni zamanda təşkilatın üzv dövlətlərlə də ikitərəfli qaydada çox sıx əlaqələrini vurğulayıb. Dövlətimizin başçısı prezident seçkilərində qələbə münasibətilə ilk təbrikləri təşkilata üzv ölkələrdən aldığını qeyd edib. İlham Əliyev ŞƏT-ə üzv ölkələrin Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş zirvə toplantısında iştirakını məmnunluqla xatırlayıb.

Qonaq Azərbaycanın COP29-a ev sahibliyi münasibətilə təbriklərini çatdırıb, bunun Azərbaycanın insaniyyətə və bəşəri inkişafa verdiyi töhfənin bariz nümunəsi olduğunu bildirib. Can Min COP29 çərçivəsində də Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq məsələlərini qeyd edib.

 

TBMM heyəti: Azərbaycan xalqı bu seçkilərdə qürurla iştirak etdi

 

Fevralın 8-də İlham Əliyevin daha bir görüşü Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə olub.

İlham Əliyev prezident seçkilərini müşahidə etdiklərinə görə nümayəndə heyətinə minnətdarlığını bildirib.

Şamil Ayrım nümayəndə heyəti adından çıxış edərək dövlətimizin başçısını seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik edib. O, Azərbaycan və Türkiyə liderləri İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlığının ölkələrimiz arasında əlaqələrin inkişafında xüsusi rolunu vurğulayıb.

Dövlətimizin başçısı seçkilərdə qazandığı qələbə münasibətilə Rəcəb Tayyib Ərdoğanın ona təbrik məktubu göndərdiyini və Türkiyə Prezidenti ilə telefonla danışdıqlarını məmnunluqla qeyd edib.

Şamil Ayrım Prezident İlham Əliyevin və ailə üzvlərinin Xankəndidə səs vermələrinin böyük əhəmiyyət daşıdığını bildirib. Dövlətimizin başçısı da Xankəndidə səsvermənin böyük siyasi və rəmzi mənasının olduğunu vurğulayıb.

Şamil Ayrım 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında Prezident İlham Əliyevin və Azərbaycanın dünyaya bir nümunə göstərdiyini qeyd edib. Ümummilli lider Heydər Əliyevin vəsiyyətinin dövlətimizin başçısı tərəfindən yerinə yetirildiyini deyən qonaq vurğulayıb ki, Azərbaycan xalqı ilk dəfə olaraq bu seçkilərdə ərazi bütövlüyü və suverenliyi təmin olunmuş şəkildə qürurla iştirak etdi.

Azərbaycan Prezidenti Vətən müharibəsində Qələbədə Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş Türkiyənin mənəvi-siyasi dəstəyinin yüksək qiymətləndirildiyini bir daha qeyd edib.

Söhbət zamanı TDT və TÜRKPA çərçivəsində əməkdaşlıq məsələlərinə də toxunulub.

Nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevin TDT-nin daha da inkişafı üçün fəaliyyətini yüksək qiymətləndirdiklərini deyiblər.