Sumqayıt Gənclər Kitabxanasının əməkdaşları şəhərdəki 5 nömrəli tam orta məktəbdə görkəmli yazıçı-dramaturq, naşir Cəlil Məmmədquluzadənin (1869–1932) 155 illik yubileyi ilə əlaqədar “Anamın kitabı” əsərinin müzakirəsini keçirib.
Tədbirin aparıcısı, kitabxananın müdir vəzifəsini m.i.e. Leyla Mahmudova kiçik hekayənin böyük ustadı olan Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığı haqqında danışıb. Mirzə Cəlilin “Bizim yubilyarlar” adlı kitab sərgisində yer alan əsərləri, eyni zamanda onun haqqında yazılan kitabların xülasəsi verilib.
Məktəbin 8ç və 10b sinif şagirdlərinin iştirak etdiyi tədbirdə “Anamın kitabı” əsərinin məzmunu məktəblilər tərəfindən danışılıb. Sonra tədbir sual-cavab formasında davam edib
Məktəbin kitabxana müdiri Şirin Abdullayeva Cəlil Məmmədquluzadənin milli istiqlal, demokratiya və Vətən azadlığı uğrunda mübarizənin ön cərgəsində dayandığını vurğulayıb. Deyib ki, onun yaradıcılığı yeni nəsillər üçün müstəqillik, azərbaycançılıq, millilik və vətəndaşlıq tərbiyəsi məktəbidir.