Fevralın 8-9-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Müsəlman Ağsaqqalları Şurasının (MAŞ) üzvü, şeyxülislam Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində Şuranın növbəti iclasında iştirak edib.
QMİ-dən bildirilib ki, iclasın açılış sessiyasında gündəliyə daxil edilmiş məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
MAŞ sədri, Əl-Əzhər Əş-Şərifin Baş imamı Şeyx Əhməd Ət-Tayyib tədbir iştirakçılarını Şuranın təsis olunmasının 10 illik yubileyi münasibətilə təbrik edib. Vurğulanıb ki, təsis olunduğu tarixdən Müsəlman Ağsaqqallar Şurası İslam dünyasının və bütün bəşəriyyətin üzləşdiyi əsas problem və çağırışlar qarşısında fəal mövqe tutub, İslam birliyi, dinlərarası dialoq, insan qardaşlığı, eləcə də qlobal ətraf mühitin qorunmasında və digər aktual məsələlərdə mühüm rol oynamaqda davam edib.
Tədbir iştirakçıları ötən il Əbu-Dabi şəhərində keçirilən COP28-də ilk dəfə təşkil olunmuş dinlərarası pavilyonda BMT-nin müvafiq qərarı ilə əsas təşkilatçı qismində çıxış edən, eləcə də adıçəkilən konfrans çərçivəsində Vatikanla birgə dini liderlərin Sammitini keçirən MAŞ-ın uğurunu xüsusilə qeyd ediblər. Bildirilib ki, bu il Azərbaycanda keçiriləcək növbəti COP29 konfransında da BMT dinlərarası pavilyonunun və dini liderlər sammitinin keçirilməsi Müsəlman Ağsaqqalları Şurasına həvalə edilib. Bu məsələdə şeyxülislam Allahşükür Paşazadəyə düşən mühüm rol özəlliklə vurğulanıb.
Şeyxülislam Allahşükür Paşazadə sonuncu BMT iqlim dəyişikliyi konfransında Şuranın dəyərli təcrübə qazandığını, bu təcrübənin Bakıda keçiriləcək COP29 konfransına töhfə verəcəyinə ümid etdiyini, bunun üçün Azərbaycan dövlətinin müvafiq orqanları ilə görüşəcəyini bildirib.
Bundan sonra Livan Milli Müsəlman-Xristian Dialoq Mərkəzinin baş katibi Dr.Səmmak Azərbaycanda son dövr ərzində mühüm hadisələrin baş verdiyini, o cümlədən ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunması ilə nəticələnən müharibədən dərhal sonra qalib tərəf olduğu halda qarşı tərəfə sülh üçün əl uzatdığını, növbədənkənar prezident seçkilərinin uğurla keçirildiyini qeyd edib.
Müzakirə edilən vacib məsələlərdən biri də İslamdaxili məzhəblərarası dialoq olub.
İclasda şeyxülislam Allahşükür Paşazadənin tövsiyəsi ilə Şuraya üzv seçilən Özbəkistan müsəlmanları idarəsinin sədri, müfti Nurəddin Xoliknazarov təqdim olunub.
Sonda MAŞ sədri Şeyx Əhməd Ət-Tayyib QMİ sədrinə Şuranın 10 illiyi münasibətilə xatirə medalı təqdim edib.
Fevralın 9-da Müsəlman Ağsaqqalları Şurasının üzvləri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Tolerantlıq və Birgəyaşayış naziri Nəhyan bin Mubarək Al Nəhyan ilə görüşüblər.
Görüş zamanı şeyxülislam BƏƏ-li nazirə ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərinin nəticələri barədə məlumat verib, Azərbaycanın ali rəhbərliyinin salam-dualarını çatdırıb.
Nazir də öz növbəsində Prezident İlham Əliyevə və bütün Azərbaycan xalqına öz təbriklərini, salam-dualarını ifadə edib.