Azərbaycan uşaq ədəbiyyatının tanınmış simalarından biri, şair-dramaturq, tərcüməçi Simax Şeyda 12 fevral 2024-cü il tarixində, ömrünün 87-ci ilində Almaniyanın Münxen şəhərində vəfat edib.
Simax Barux oğlu Yuşvayev (Simax Şeyda) 1936-cı il iyunun 20-də Oğuz rayonunda dünyaya gəlib. 1940-cı ildə ailəliklə Gəncə şəhərinə köçüblər. Burada Sabir adına 5 saylı orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra fəhlə-gənclər məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Kitabxanaçılıq fakültəsində təhsilini davam etdirib. 1965-ci ildən 1990-cı ilə qədər Bakıda Azərbaycan Teatr Cəmiyyəti Xalq teatrları kabinetinin müdiri olub. Eyni zamanda “Azərteatr” Yaradıcılıq İstehsalat Birliyində redaktor vəzifəsində çalışıb.
Dağ yəhudisi olan Simax Şeyda əsərlərini həmişə Azərbaycan dilində yazıb. "Ədəbiyyat və incəsənət", "Azərbaycan pioneri", "Azərbaycan" qəzetlərində və "Göyərçin" jurnalının səhifələrində uşaq şeirləri, mənzum nağılları dərc olunub. Uşaqlar üçün 5 mənzum pyesin müəllifidir. “Təyyarə” adlı uşaqlar üçün ilk şeir kitabı 1964-cü ildə nəşr olunub. Sonralar “Mən balaca kosmonavtam” (1967), “Yaxşı qız” (1979), “Kimin belə qızı var” (1983), “Tülkü, tülkü, tümbəki” və s. şeir kitabları işıq üzü görüb. Yazıçının bu günə kimi 24 kitabı nəşr olunub. Onlardan 11-i uşaqlar üçündür. Bu kitablar “Seçilmiş əsərlər” adı ilə 5 cilddə çap edilib.
Simax Şeyda Azərbaycan klassik ədəbiyyatının dağ yəhudilərinin dilinə tərcümə edilməsi və yayılmasında mühüm rol oynayıb, onun tərcümələri Amerikada, Kanadada nəşr olunub. O, Nizami Gəncəvidən Əmirulla Gəncəviyədək 75 azərbaycanlı şairin şeirlərini dağ yəhudilərinin dilinə tərcümə edib.
Azərbaycan və İsrail Yazıçılar Birliyinin üzvü olan Simax Şeyda 2015-ci ildə Mədəniyyət Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif olunub.
Allah rəhmət eləsin.