Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçmələrin dərcini davam etdiririk.
2002-ci il 30 may
Prezident Heydər Əliyev təsviri sənət xadimlərinə fəxri adların verilməsi haqqında fərman imzalayıb.
“Xalq rəssamı” fəxri adı alanlar: Kamal Ələkbərov, Hüseynqulu Əliyev, Altay Hacıyev, Fərhad Xəlilov, Fazil Nəcəfov, Cabbar Qasımov, Ağa Mehdiyev, Cəmil Müfidzadə, Cahangir Rüstəmov, Fuad Salayev.
“Əməkdar incəsənət xadimi”: Ağəli İbrahimov, Akif Əsgərov, Cəlil Hüseynov, Rafiq Kərimov, Sara Namitokova-Manafova.
Bundan əlavə, 40 nəfərə “Əməkdar rəssam” fəxri adı verilib.
2002-ci il 9 iyun
Sankt-Peterburqa səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinlə birlikdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin (heykəltaraş – Əməkdar rəssam Görüş Babayev) açılış mərasimində iştirak edib.
“...Bu gün Sankt-Peterburqda dahi şair Nizaminin heykəlinin açılışını biz dünya mədəni irsinə böyük ehtiram ifadəsi, Azərbaycan xalqına bəslənilən dostluq və qardaşlıq hisslərinin təzahürü kimi qiymətləndiririk. Keçən il oktyabrın 12-də Bakıda rus poeziyasının dühası Aleksandr Sergeyeviç Puşkinə heykəl qoyulmuşdur. Bu gün isə burada, Puskinin Böyük Pyotrun əsəri adlandırdığı bu şəhərdə Nizamiyə heykəl ucaldılmışdır. Bu iki abidə həm xalqlarımızın mədəniyyətinə hədsiz ehtiramımızın, həm də ölkələrimiz arasında əlaqələrin yeni səviyyəsinin təcəssümüdür.
Bu şəhərin müdafiəçilərinin və sakinlərinin Hitler qoşunlarının hücumlarına qəhrəmancasına müqavimət göstərdikləri 900 gün ərzində dünya bir daha dərk etdi ki, qəhrəmanlıq hər şeydən öncə yüksək mənəviyyatın təzahürüdür... Bu mədəniyyətin möhtəşəmliyi özünü həm də mühasirə günlərində, Ermitajın soyuq salonlarında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 800 illik yubileyi təntənəli şəkildə qeyd edilərkən büruzə verdi...
Nizami fəlsəfəsinin mərkəzində varlığın ən böyük sərvəti, mənəvi zənginlik və müdrikliyin tükənməz mənbəyi olan insan dayanır... Zənnimcə, məhz Nizaminin bütün əsərlərində bəşər övladının misilsiz qüdrətinin tərənnüm edilməsi sayəsində Azərbaycan xalqının dahi oğluna bu gün Sankt-Peterburqun təkrarolunmaz görkəminin ayrılmaz hissəsinə çevrilmək şərəfi qismət olmuşdur... Dahi humanist və mütəfəkkirə ucaldılan bu gözəl abidə həmişə bizim nəzərimizi ümumbəşəri dəyərlərə, xeyirxahlıq, ədalət ideallarına yönəldəcəkdir...”.
2002-ci il 11 iyun
Azərbaycan Respublikasi Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında fərman imzalayıb. Fərmanda qeyd olunurdu ki, 10 noyabr 1997-ci il tarixdə Azərbaycan xalqı qarşısında böyük xidmətləri olmuş şəxslər üçün fərdi təqaüd təsis edilib və həmin dövrdən ümumilikdə 84 qocaman ədəbiyyat və incəsənət xadimi bu təqaüdə layiq görülüb. Bu fərmandan sonra həmin təqaüdlər Prezidentin fərdi təqaüdü ilə əvəzləndi. O dövr üçün bir milyon beş yüz min manat (300 AZN) məbləğində 150 fərdi təqaüd müəyyən edilmişdi. Sonrakı illərdə Prezident təqaüdünün məbləği də, sayı da artırıldı.
2002-ci il 18 iyun
Naxçıvana səfəri zamanı Bəhruz Kəngərli muzeyinin təntənəli açılış mərasimində nitq söyləyib.
“...Bizim Mədəniyyət Nazirliyi, yaxud Dövlət İncəsənət Muzeyi Bəhruz Kəngərlinin əsərlərini fondlarda saxlayırdı... Amma mən fikirləşdim ki, onlar daha da yaxşı qorumalıdır. Yaxşı qoruyub saxlaya bilmirlər. Sən onu zirzəmidə, yaxud ayrı yerdə qoruyub saxlayırsan. Bəs, bizim vətəndaşlarımız, xalqımız Bəhruz Kəngərlinin yaradıcılığı ilə nə cür tanış olsun?! Hər halda, mən lazımi göstərişlər verdim. İndi çox şadam ki, burada muzey yaradılıb. Təbiidir ki, onun əsərləri çoxdur, hamısını buradakı muzeyə vermək olmaz. Onlar Azərbaycan dövlətinin milli sərvətidir, bunlardan istifadə etmək lazımdır. Amma dövlət bunları qoruyub saxlamalıdır.
Bəhruz Kəngərli Azərbaycan xalqının professional rəssamlıq sənətində ilk rəssamdır, bunu açıq deməliyik... Birincisi, Tbilisidə professional rəssamlıq təhsili alıbdır. İkincisi də, iş təhsil almaqda deyil, bu, Bəhruz Kəngərlinin özünün fitri istedadı idi. Yadımdadır, mən həmin bu binada orta məktəbdə oxuyarkən Bəhruz Kəngərli haqqında oradan-buradan eşidirdik. Amma Bəhruz Kəngərlini üzə çıxaran, təbliğ edən yox idi... Bəlkə o vaxt hesab edirdilər ki, o, devrilmiş sinfin, yəni bolşeviklər tərəfindən devrilmiş sinfin nümayəndəsidir. Ancaq onu bilirəm ki, Bəhruz Kəngərli haqqında gənc vaxtımda eşitmişdim. Çünki mən özüm də rəssamlıqla maraqlanırdım, rəsm əsərləri çəkirdim...
Sonralar mən Azərbaycanda sizə məlum olan vəzifələrdə işləyəndə bir neçə dəfə göstərişlər vermişdim ki, araşdırın, Bəhruz Kəngərlinin əsərlərini gətirin. Amma nədənsə, hər dəfə bu belə qalırdı. İndi, nəhayət, biz Bəhruz Kəngərlini üzə çıxardıq. Yəni, üzə çıxardıq sözü dəqiq deyil, o, onsuz da yaratdığı əsərlərə görə bizim mədəniyyətimizdə, incəsənətimizdə öz yerini tutmuşdur. Amma onun əsərlərini elə “dərin quyuya” salmışdılar ki, insanlar onu o qədər də yaxşı tanımırdılar.
Amma onun əsərləri həddindən artıq qiymətlidir. Birincisi, onun rəssamlıq ustalığına görə, istifadə etdiyi rənglərə görə. İkincisi, onun yaratdığı obrazlara görə, xüsusən, 1918-1919-1920-ci illərin çətin dövründə bizim xalqımızın ağır vəziyyətdə olmasını öz əsərlərində əks etdiribdir... Hesab edirəm ki, bizim sənətşünaslar, tədqiqatçılar Bəhruz Kəngərlinin yaradıcılığını daha professional səviyyədə tədqiq etməli, əsərlər yazmalıdırlar... Bu muzeyin yaranması təkcə Naxçıvandakı tədqiqatçılar üçün yox, bütün Azərbaycan tədqiqatçıları üçün böyük imkanlar yaradacaqdır...”.
Hazırladı: V.Orxan