Azərbaycanın işğaldan azad olunmuş bütün əraziləri kimi, Xocalı rayonunun Malıbəyli kəndində də geniş bərpa-quruculuq işləri həyata keçirilir. Malıbəyli kəndi 32 il əvvəl didərgin düşmüş doğma sakinlərini qoynuna almağa hazırlaşır.

“Bakı Abadlıq Xidməti” MMC-dən bildirilib ki, hazırda Malıbəyli kəndində 123 fərdi evdə və çoxmənzilli yaşayış binalarında bərpa-tikinti işləri aparılır. Kəndin ərazisində həmçinin təmizlik-abadlıq işləri də davam etdirilir. Fərdi evlər və çoxmənzilli binalarla yanaşı, kəndin infrastrukturu da yenidən qurulur, qaz xətləri çəkilir.

Şirkətin mühəndisi Nəcəf Kərimov bildirib ki, onlar fərdi yaşayış evlərinin bərpasını və yenidən tikintisini həyata keçirirlər: “Təmir-bərpa olunan evlərdə suvaq vurulur, dam örtükləri dəyişdirilir, köhnə konstruksiyalar yenisi ilə əvəzlənir”.

Malıbəyli kənd sakini Xuda Məmmədov isə doğma kəndlərinin bərpasında və abadlaşdırılmasında böyük ruh yüksəkliyi ilə iştirak etdiklərini bildirib: “Malıbəyli kəndində aparılan bərpa-yenidənqurma və təmizlik işləri bizi sevindirir. Biz Malıbəyli kəndinin sakinləri olaraq kəndimizin bərpasında, abadlaşdırılmasında böyük həvəslə iştirak edirik”.