Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan nəqliyyat infrastrukturu layihələrindən biri də uzunluğu 75,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yoludur. Hazırda yolun və yol üzərində tunellərin inşası davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, yolboyu nəzərdə tutulmuş 17 avtomobil tunelindən 10-da tikinti işləri davam etdirilir. O cümlədən 7 tuneldə qazma işləri artıq yekunlaşıb. Dolaylardan keçən mövcud yoldan istifadə ediləcəyi təqdirdə həddindən artıq sürüşmə zonalarına rast gəlinir. Qış fəslində güclü qar və şaxtalı hava şəraitində yolun təhlükəsiz istismarı mümkün olmaya bilər. Bununla əlaqədar dolayların birbaşa tunellər vasitəsilə keçilməsi qərara alınıb.

Tunellərdə hərəkət hissəsi 11,6 metr enində olacaq. Tunellərin ümumi uzunluğu 13 300 metr təşkil edəcək.

2, 3 və 4 hərəkət zolaqlı olacaq avtomobil yolu başlanğıcını Kəlbəcər rayonunun Qamışlı kəndindən götürməklə işğaldan azad edilmiş Laçın rayonunun ərazisindən keçir. Yeni yol bu rayonların bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və inşası aparılan Laçın Beynəlxalq Hava Limanına qədər rahat gediş-gəlişi təmin edəcək.