AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Məhəmməd Füzuli əsərlərinin Bakı nüsxələri” adlı sərgi hazırlanıb.
Dahi şairin 530 illiyi münasibətilə tərtib edilən sərgidə ümumilikdə 62 eksponat yer alıb. Onlardan 40-ı Füzuli əsərlərinin müxtəlif illərdə üzü köçürülən əlyazma nüsxələri, 10-u Əməkdar mədəniyyət işçisi Fəxrəddin Əlinin şairin əsərlərinə çəkdiyi illüstrasiyalardır. Burada həmçinin şairin 500 illik yubileyi münasibətilə toxunulmuş xalça, hazırlanan vaza, Əməkdar mədəniyyət işçisi Seyfəddin Məmmədvəliyevin ədibin portreti və əsərlərini özündə ehtiva edən taxta üzərində oyma işləri, Əməkdar rəssam Mahmud Tağıyevin müəllifi olduğu kətan üzərində yağlı boya ilə işlənmiş Füzuli portreti var.
Sərgidə şairin UNESCO-nun “Dünya yaddaşı” beynəlxalq reyestrinə daxil edilmiş anadilli “Divan”ının ən qədim nüsxəsi, sənətkarın vəfatından cəmi bir neçə il sonra üzü köçürülən əsərlərinin görkəmli mətnşünas, Füzuli yaradıcılığının elmi-tənqidi mətnini hazırlayan Mail Əliyevin şəxsi arxivində mühafizə edilən nadir nüsxəsi də nümayiş olunur.
Məhəmməd Füzulinin Əlyazmalar İnstitutunun fondunda mühafizə olunan 140 əlyazma nüsxəsindən daha nəfis, köçürülmə tarixi etibarilə daha qədim və məzmun mündəricəsi etibarilə daha mükəmməl olan 38 əlyazma nüsxəsi, eləcə də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycan Prezidenti İlham Əliyevə hədiyyə etdiyi Məhəmməd Füzulinin əsərlərinin XIX əsrdə Orta Asiyada üzü köçürülən nəfis əlyazma nüsxəsi nümayiş olunur.
Əlyazmalar onu söyləməyə imkan verir ki, Füzulinin əsərləri XVII-XIX əsrlərdə şimallı-cənublu Azərbaycanın bütün regionlarında Dərbənddən Zəncana qədər ziyalıların kitabxanasının bəzəyi olub. Şairin Əlyazmalar İnstitutunda qorunan əsərlərinin əlyazma nüsxələrindən bəzilərini tanınmış ziyalılar öz əlləri ilə köçürüblər. Məsələn, bu nüsxələrin katibləri sırasında Əmiraslan bəy İxva Gilani, Əbdülxaliq Molla Cəlal Xalxali, Abbas bin Əli Məhəmməd Lahıci, Məhəmməd bin Hacı Əbdürrəhman Nemətabadi Nuxəvi və başqa məşhurların adlarını görə bilərik.
Əlyazma nüsxələrindən bir neçəsini nəfis miniatürlər bəzəyir. Miniatürlər şairin əsasən “Leyli və Məcnun” poemasına çəkilmiş illüstrasiyalardan ibarətdir.