Fevralın 15-də Naxçıvan Dövlət Rəsm Qalereyasında Naxçıvan Muxtar Respublikasının (NMR) Əməkdar rəssamı Sabir Məmmədovun muxtariyyətin 100 illiyinə həsr olunmuş sərgisi təşkil edilib.
Rəssamın 40 əl işinin yer aldığı sərginin açılış mərasimində muxtar respublikanın mədəniyyət və incəsənət nümayəndələri, fırça ustasının sənət dostları və ailə üzvləri iştirak ediblər.
Tədbirdə açılış nitqi söyləyən NMR-in mədəniyyət nazirinin müavini Həsən Seyidov Sabir Məmmədovun həyat və yaradıcılığından bəhs edib. Bildirilib ki, Vətənin hər qarışından ilham alaraq təkrarsız əsərlər yaradan rəssamın Naxçıvan rəssamlıq məktəbinin layiqli davamçılarından biridir.
NMR Rəssamlar Birliyinin sədri, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Əməkdar rəssam Ülviyyə Həmzəyeva vurğulayıb ki, S.Məmmədov Bəhruz Kəngərli sənət məktəbinin davamçılarından biridir. O, rəngkarlıq, heykəltaraşlıq, ağac üzərində oyma, metalişləmə sahələrində bir-birindən maraqlı əsərlər yaradıb. S.Məmmədov teatr rəssamlığı sahəsinə öz töhfəsini verib.
Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli və sənətşünaslıq üzrə fəlsəfə doktoru, NMR-in Əməkdar rəssamı Həbibə Allahverdiyeva rəssamın yaradıcılıq dünyasından danışıblar.
S.Məmmədov yaradıcılığına göstərilən diqqətə görə minnətdarlığını bildirib, 4 əsərini qalereyaya hədiyyə edib. Sonda tədbir iştirakçıları sərgi ilə tanış olublar.