Azərbaycan əcnəbi turistlərin gözü ilə
   
      
   “Bakı çox xoşuma gəldi. Müasirdir, insanın istəyə biləcəyi hər şey burada var”
  
 
   Rubrikamızın budəfəki qonaqları ölkəmizə Ukraynadan təşrif buyurublar. İlk dəfədir ki, şəhərimizin müsafiri olan bu iki gənci Bakıya gətirən səbəb tələbələr arasında keçirilən beynəlxalq ekologiya tədbiridir. “Go for green” (“Yaşıllıq naminə hərəkətə keç”) adlı tədbirin Bakıda keçirilməsindən olduqca məmnun görünən gənclər paytaxtımızda yaşıllıqların, parkların çoxluğundan, şəhərimizin müasir görkəmindən ağızdolusu danışdılar. Biz onlarla rastlaşanda hər ikisi əllərində fotoaparat maraqlı mənzərələri lentə almağa çalışırdılar. Hiss olunurdu ki, ukraynalı qonaqlar heç bir məqamı qaçırmaq istəmir, yaşadıqları, gördükləri hər anı foto yaddaşa köçürmək istəyirlər. Biz də öz növbəmizdə onlarla söhbətləşmək, Azərbaycan və paytaxt Bakı haqqında təəssüratlarını öyrənmək qərarına gəldik...
   
   - Öncə özünüzü qəzetimizin oxucularına təqdim edərdiniz?
   - Mənim adım Yuri Kiriliç, dostumun adı isə Andriy Savçukdur. Hər ikimiz tələbəyik, universitetdə təhsil alırıq. Eyni zamanda həvəskar səviyyədə fotoqraflıqla məşğuluq. Ola bilsin ki, gələcəkdə bu sahə ilə peşəkar şəkildə məşğul olaq. Ancaq indi əsas diqqətimizi təhsilə yönəltmişik.
   - Bakıya ilk gəlişinizdir? Səfərdən öncə ölkəmizlə bağlı nə dərəcədə məlumatlı idiniz?
   - Bəli, ilk səfərimizdir. Ancaq ölkənizlə demək olar ki, qiyabi tanışıq. Bizim burada çoxlu azərbaycanlı tələbə dostlarımız var. Onların bəziləri Ukrayna universitetlərində təhsil alır, bəzilərini isə birgə iştirak etdiyimiz beynəlxalq tədbirlərdən tanıyırıq. Bu cür tədbirlər biz gəncləri daha yaxın edir və hərdən adama elə gəlir ki, ilk dəfə olduğun ölkədə, şəhərdə nə vaxtsa olmusan, hər şey sənə tanış gəlir. Biz bu hissi Bakıda da yaşadıq. Şəxsən mən bir daha əmin oldum ki, qiyabi tanışlıq yarı səyahət kimi bir şeydir. İndi əvvəlki dövrlərdən fərqli olaraq informasiyaya çıxış daha asandır. Sosial şəbəkələr vasitəsilə azərbaycanlı dostlarımızla əlaqə saxlayırıq, onların paylaşdıqları şəkillərə, gəzdikləri, gördükləri yerlərə sanki biz də gedirik. Dostlarımızdan paylaşdıqları şəkildəki yeri, yeməyi, restoranı soruşuruq. Bu da bizə ölkəniz barədə əlavə məlumat verir. İndi isə bütün bunları, necə deyərlər, canlı olaraq gördük. Bu səbəbdən Bakıya gəldiyimizdə təqribən hara getdiyimizi, nələri görəcəyimizi bilirdik.
   - Bakıya gəliş səbəbiniz barədə bir az məlumat verərdiniz. Burada nə qədər qalmağı planlaşdırırsınız?
   - Səfərimiz “Go for green” adlı beynəlxalq ekologiya tədbiri ilə bağlıdır. Artıq üç gündür ki, şəhərinizin qonağıyıq. Daha bir həftə burada olacağıq. Bu müddət ərzində ekologiya ilə bağlı seminarlarda da iştirak edəcəyik. Bakıda salınan yaşıllıqlar, Botanika bağı, fərqli iqlim qurşaqlarından buraya gətirilən dekorativ bitki və ağaclar, onların yerli iqlimə uyğunlaşdırılması ilə bağlı da “master klass”lar təşkil olunacaq.
   - Şəhərimizdəki yaşıllıq, ekoloji durumla bağlı şəxsi qənaətiniz necədir?
   - Müsbət hesab etmək olar. Bu üç gün ərzində paytaxtınızı gəzə bildik, İçərişəhərdə olduq, bulvarı dolaşdıq. Şəhərətrafı yerləri də görmək imkanımız oldu. Onu deyə bilərəm ki, Bakıda parkların sayı o qədər də az deyil. Ancaq şəhərin mərkəzi hissəsində insan və avtomobil sıxlığı hissi olunur. Bu da insanların piyada gəzintisi üçün, məncə, problem yaradır. Bulvarınız isə rahat və genişdir. Çoxlu ekzotik və dekorativ bitki və ağaclar əkilib. Bu həm estetik baxımdan yaxşıdır, həm də sağlamlıq baxımından. Şəhər ətrafına gəldikdə, orada sıxlıq o qədər də yoxdur, ağaclar, yaşıllıqlar var. Müşahidə etdiyimiz cəhətlərdən biri də o oldu ki, burada parkların böyük hissəsi daşlarla döşənib, fəvvarələr parkın böyük hissəsini tutur. Məncə, daha çox yaşıllığa diqqət ayrılsa yaxşı olar.
   - Andriy, siz necə, Yurinin fikirlərini bölüşürsünüzmü?
   - Əsasən bölüşürəm. Ancaq, məncə, burada digər məqamlar da var. Siz Bakını daha çox müasir, yeni və hündür binaları olan, yeni tikililərlə zəngin şəhər kimi görmək istəyirsiniz. Hiss olunan odur ki, Bakı o yöndə inkişaf edir. Şəxsən mənim fikrimi soruşsanız, mənim belə daha çox xoşuma gəlir. Göydələnlər, müasir infrastruktur, təmizlik, bunlar hamısı gözəldir. Yurinin dediyi kimi, yaşıllığa da, yəqin ki, diqqət ayırmalısınız.
   - Yuri, siz digər Cənubi Qafqaz ölkələrində olmusunuzmu? Hansı fərqləri müşahidə edirsiniz?
   - Bəli, həm Gürcüstanda, həm də Ermənistanda olmuşam. Tələbələr üçün təşkil olunmuş tədbirdə iştirak edirdim. Onu deyim ki, fərqlər də çoxdur, oxşarlıqlar da. Məsələn, mətbəxiniz çox yaxındır, bir-birinə bənzəyir. İnsanların xasiyyətlərində də oxşarlıqlar var. Fərqlər inkişaf səviyyəsində müşahidə olunur. Mənim ən son olduğum Cənubi Qafqaz ölkəsi Azərbaycandır. Bura gələnə qədər Gürcüstanı daha inkişaf etmiş hesab edirdim. Ancaq Azərbaycan, Bakı hər ikisindən həm infrastruktur, həm də inkişaf baxımından çox öndədir. Məsələn, sizə bir nümunə göstərim, Yerevanda belə hündür mərtəbəli binalar, müasir restoranlar, əyləncə mərkəzləri görə bilməzsiniz. Hiss olunur ki, orada insanların həyat səviyyəsi aşağıdır. Gürcüstan Ermənistanla müqayisədə nisbətən daha müasirdir, bir də Tbilisinin təbiəti maraqlıdır, yaşıllığı daha çoxdur.
   - Ekologiya tədbiri çərçivəsində bölgələrimizə necə, səfər planlaşdırılırmı?
   - Bəli, bu həftə Şəkiyə gedəcəyik. Orada da tədbirimiz olacaq, eyni zamanda, seminarlar keçiriləcək. Bölgələrinizlə tanış olmaq imkanımız da yaranacaq. Azərbaycanlı dostlarımızın dediyinə görə, bölgələrin təbiəti daha gözəl və mənzərəlidir. İsmayıllı, Qəbələ və Şəkidən danışdılar, fotoşəkillərini göstərdilər. Ancaq çox təəssüf ki, biz yalnız Şəkini görə biləcəyik. İnanıram ki, maraqlı olacaq.
   - Bakını Ukraynanın hansı şəhərinə daha çox bənzədərdiniz?
   - Bakı ilə xüsusi oxşarlığı olan şəhərimiz, demək olar ki, yoxdur. Bilirsiniz, bizim iqlimimiz soyuqdur. Bu baxımdan şəhərlərin təbiəti fərqlidir, arxitektura baxımından da fərqlər olduqca çoxdur. Mən Bakını az da olsa Ukraynanın cənubunda yerləşən Simferopol və Sevastopola bənzədirəm.
   - Hər ikinizə daha bir sualım var: Bakıda yaşamaq istərdinizmi?
   Yuri: - Bəli, ancaq uzun müddətə yox. Mənə elə gəlir ki, 3-5 il arasında burada yaşaya bilərəm və mənə maraqlı olar. Bir ömür boyu burada yaşamağı soruşursunuzsa, məncə, yox. Bu sizin şəhərinizlə əlaqəli məsələ deyil, sadəcə, indi insanlar daha çox gəzmək, müxtəlif ölkələrdə yaşamaq istəyirlər. Bu baxımdan bir ölkədə uzun müddət yaşamaq, məncə, darıxdırıcıdır.
   Andriy: - Mən burada daimi yaşayardım. Bakı mənim çox xoşuma gəldi. Müasirdir, insanın istəyə biləcəyi hər şey burada var. Dəniz, müasir infrastruktur, mehriban insanlar, xüsusən də gözəl əsmər qızlar. Azərbaycanlı bir xanımla evlənsəm tərəddüd etmədən burada yaşayaram.
   
   Sadiq Musa