Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçmələrin dərcini davam etdiririk.
2002-ci il 13 sentyabr
Prezident Heydər Əliyev Gəncə şəhərinə səfəri zamanı dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət edib.
2002-ci il 9 oktyabr
İranlı (Cənubi azərbaycanlı) rəssam Vədud Müəzzinin fərdi sərgisinin açılışında iştirak edib.
“...Azərbaycanda rəngkarlıq, rəsm sənəti böyük inkişaf yolu keçibdir. Azərbaycanda böyük rəssamlar dünyaya gəlib və böyük əsərlər yaradıblar. Biz bununla həmişə fəxr etmişik... Bunların hamısı bizim mədəni sərvətimizdir, xalqımızın sərvətidir...
Vaxtilə, gərək ki, 1981-ci ildə biz burada SSRİ Rəssamlıq Akademiyasının böyük bir iclasını keçirdik. Buraya ən böyük rəssamlar gəlmişdilər. Onda biz nə ilə fəxr etdik? Bəli, Avropanın qədimdən özünəməxsus üslubda məktəbləri var. Eləcə də rus rəssamları. Ancaq onunla fəxr etdik ki, bizim də miniatür məktəbimiz var – Sultan Məhəmmədin yaratdığı miniatür məktəbi. Burada onu çox böyük həvəslə qarşıladılar. Məndə belə bir təsəvvür vardı ki, İranda ancaq miniatür sənəti mövcuddur. Amma bu cür rəngkarlıq əsərlərinin olduğunu mən bilmirdim... Vədud İran vətəndaşıdır, amma azərbaycanlıdır. Demək, İranda azərbaycanlılar öz istedadını bu cür nümayiş etdirən rəssam yetişdiribdir...
...41 yaş ən gözəl yaşdır. Ona görə vaxtı itirmə, işini davam etdir. Yaxşı oxuyursan, səsin yaxşıdır. Hərdənbir oxu ki, ilham alasan. Amma vaxtının çoxunu bu işə sərf et. Oxuyanlar çoxdur. O tərəfdə də, bu tərəfdə də, o tayda da, bu tayda da çoxdur. Amma belə əsərlər yaradanlar o qədər də çox deyildir.
Mənim haqqımda əsər yaratdığına görə də təşəkkür edirəm. Yəni rəssamlıq ustalığı nöqteyi-nəzərindən dəyərlidir. Sənə təşəkkür edirəm”.
2002-ci il 18 oktyabr
Dövlət Müstəqilliyi Günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət edib. Dənizkənarı Milli Parkda təşkil olunmuş bayram konsertinə baxıb.
***
Azərbaycan milli ifaçılıq sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Şövkət Ələkbərovanın 80 illiyi haqqında sərəncam imzalayıb.
2002-ci il 20 oktyabr
Bakıya qastrola gələn Vladimir Mayakovski adına Moskva Akademik Teatrının tamaşasına baxıb.
2002-ci il 23 oktyabr
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin 120 illik yubileyi haqqında sərəncam imzalayıb.
2002-ci il 24 oktyabr
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun binasında, vaxtilə Hüseyn Cavidin mənzili olmuş otaqlarda ev-muzeyinin açılış mərasimində iştirak edib. Mərasimdə ədibin qızı, muzeyin yaradıcısı Turan Cavidlə söhbət edib.
“...Hüseyn Cavid çox faciəli həyat keçiribdir. Ancaq onun yəqin bir xoşbəxtliyi də o imiş ki, sən varsan, yaşamısan. Sən yaşamasaydın, bütün bu gördüklərimizi bir yerə yığmaq olmayacaqdı... Demək, Allah səni saxlayıbdır ki, bu irsi qoruyub yaşadasan...
Dünən (Cavidin 120 illiyi ilə bağlı) sərəncamı imzalayanda düşündüm ki, 20 il bundan öncə ilk dəfə mən Hüseyn Cavidin 100 illik yubileyi ilə əlaqədar fərman imzalamışam. Onun cənazəsinin qalıqlarının vətənə gətirilməsi dövrü yadıma düşdü. Sonra fikirləşdim ki, dünya qəribədir, 20 il bundan öncə başladığım işi yenə davam etdirirəm... Cavidin ağır taleyi var, amma gör sonu necədir. Kim bunu təsəvvür edə bilərdi ki, bu cür məqbərə (1996, Naxçıvan – red.) ucaldılsın...
Turan xanım, mən təbrik edirəm ki, ev-muzeyi açıldı... Tariximizi daim insanlara, xüsusən gənc nəslə anlatmaq, öyrətmək lazımdır. Çünki tarixini bilməyən insan öz millətinə, xalqına sədaqətlə xidmət edə bilməz. Ona görə də biz Azərbaycanda muzeylər yaradarkən tariximizi gələcək nəsillərə göstərmək istəyirik...”.
Heydər Əliyev mərasimdə nitq söyləyib.
“...Keçmişdə, 1970–1980-ci illərdə mən Azərbaycanda işləyəndə bu binaya çox gəlmişəm, onda burada Azərbaycanın Ali Soveti yerləşirdi... Biz sonra Azərbaycanın Ali Soveti üçün yeni bina tikdik. Bu bina haqqında çox söz-söhbət gedirdi ki, onu kimə verək. Yəni bu binanı istəyənlər də çox idi. Çünki bu, tarixi binadır, Azərbaycanın tarixi memarlıq abidələrindən biridir. Ancaq mən belə fikirdəydim ki, biz belə binaları yalnız elm, mədəniyyət sahəsində istifadə etməliyik...
Buna görə də çox mübahisələrdən sonra mən belə qərar qəbul etdim ki, bu bina Əlyazmalar Fonduna verilsin... İndi Əlyazmalar Fondu elmi-tədqiqat institutuna çevrilibdir... Bu binada vaxtilə böyük şairimiz Hüseyn Cavid yaşamışdır. Cavidin yaşadığı otaqlarda onun ev-muzeyinin yaradılması məsələsi meydana çıxdı. Bu məsələ uzun illər gündəlikdə idi. Ancaq təəssüflər olsun ki, həll edilmirdi. Bunu da həll etdik... Muzey çox maraqlıdır. Hüseyn Cavid yaradıcılığı ilə, onun həyatı ilə maraqlanan insanlar bu muzeydə maraqlı eksponatlar görə bilərlər...
Biz Azərbaycanda repressiya qurbanlarının xidmətlərini bərpa etməyə çalışmışıq və çalışırıq. Amma bununla bərabər, tariximiz, mədəniyyətimiz də repressiyaya məruz qalmışdır. Sovetlər İttifaqı dövründə çalışmışdılar ki, bizim tariximizi də, ənənələrimizi də yalnız kommunist ideologiyasına, sovet sosialist quruluşuna uyğunlaşdırsınlar...
Repressiyaya məruz qalmış böyük mənəvi dəyərlərimizdən biri də “Kitabi-Dədə Qorqud” dastanı olmuşdur. Biz “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyini beynəlxalq miqyasda keçirdik. O vaxt biz “Dədə Qorqud”un Drezden kitabxanasında saxlanılan nüsxəsinin surətini almaq istəyirdik. O, indi gəlib çatıbdır... Mən bunu Əlyazmalar institutuna təqdim edirəm. Sizin hamınıza bir daha cansağlığı və işlərinizdə uğurlar arzulayıram...”.
Hazırladı: V.Orxan