Muğam sənətimizin görkəmli nümayəndəsi, Əməkdar artist Süleyman Abdullayevin xatirəsi fevralın 16-da Beynəlxalq Muğam Mərkəzində keçirilən musiqi axşamında yad edilib.

Xanəndənin 85 illiyinə həsr edilən gecədə onun həyat və yaradıcılığından söz açılıb, vaxtilə repertuarında yer alan muğam və təsniflər səsləndirilib.

Xalq artisti Sadıq Zərbəliyev, Süleyman Abdullayev haqqında “Səsin sorağında” kitabının müəllifi Vaqif Rüstəmov, professor Fərahim Sadıqov xanəndənin sənət yolundan bəhs edib, xatirələrini bölüşüblər.

Bildirilib ki, ustad sənətkar və bir elin ağsaqqalı kimi sevilən Süleyman Abdullayev xalq arasında “Dədə Süleyman” kimi tanınıb. Seyid Şuşinskinin ənənələrini yaşadan xanəndə, eyni zamanda, özünəməxsus ifaçılıq üslubu, oxu tərzi, bir çox muğamların yadda qalan təfsiri ilə tanınıb. Zəngin tembrli səsə malik xanəndənin ifasında “Segah”, “Dəşti”, “Çahargah”, “Şur” muğam dəsgahlarının lent yazıları Azərbaycan Televiziyasının “qızıl fond”una daxil edilib.

Gecə BMM-in solistlərinin ifasında konsert proqramı ilə davam edib.

Süleyman Cümşüd oğlu Abdullayev 1939-cu il fevralın 14-də Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. 1959-cu ildə istedadlı musiqiçilər sorağıyla rayona gələn böyük xanəndə Seyid Şuşinski Süleyman Abdullayevin səsini çox bəyənib və onu peşəkar təhsil almaq üçün Bakıya dəvət edib. Seyid Şuşinskinin sinfində muğam dəsgahlarını öyrənən xanəndə 1964-cü ildən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başlayıb, xalq çalğı alətləri ansamblları ilə çalışıb. Əməkdar artist, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Süleyman Abdullayev 23 oktyabr 2022-ci ildə vəfat edib.

L.Azəri