Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyi və Qarabağ RMİ-nin təşkilatçılığı ilə “Şur” ansamblının 70 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib.
Fevralın 15-də gerçəkləşən tədbirdə mədəniyyət nazirinin müavini Murad Hüseynov, Qarabağ RMİ-nin rəisi Qalib Həsənov, Ağdam rayon ictimaiyyətinin nümayəndələri, mədəniyyət, incəsənət xadimləri iştirak ediblər.
Konsertdən əvvəl “Şur” ansamblının yaranmasından, fəaliyyəti dövründə Azərbaycan mədəniyyətinə, muğam sənətinin inkişafına verdiyi töhfələrdən bəhs olunub.
Daha sonra ansamblın solistlərinin və xor kollektivinin ifasında muğamlar, xalq mahnıları və təsniflərdən ibarət konsert proqramı təqdim edilib.
Qeyd edək ki, Ağdamda yaradılan “Şur” ansamblı vaxtilə respublikamızın müxtəlif bölgələrində, həmçinin keçmiş SSRİ məkanında konsert proqramları ilə çıxış etmiş, muğam, təsnif və xalq mahnılarımızın gözəl ifasıyla böyük rəğbət qazanmışdı. Ansamblın yaradıcısı tanınmış tarzən Xosrov Fərəcov olub. Arif Babayev, Mənsum İbrahimov, Nəzakət Məmmədova, Aygün Bayramova, Səxavət Məmmədov, Cabir Abdullayev, Feyruz Səxavət, Sabir Abdullayev, Əbülfət Əliyev, Qədir Rüstəmov, Şahmalı Kürdoğlu, Hafiz Sədirzadə, Sədi Məmmədov və başqa xanəndələr böyük səhnəyə “Şur” ansamblından gəliblər.
Ağdam şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən sonra 20 ilə yaxın müddətdə fəaliyyətsiz qalan “Şur” ansamblı 2010-cu ildən fəaliyyətini yenidən bərpa edib.