Özbəkistanda Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) də təmsil olunub.
Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin prorektoru Barno Abdullayeva, AMM-in direktoru Samir Abbasov, universitetin Xarici dillər kafedrasının müdiri Şahzoda Abdullayeva, Azərbaycan dili müəllimi Mətanət Xudiyeva çıxış ediblər. Çıxışlarda ana dilinin hər bir xalqın varlığı, kimliyi və ən böyük mənəvi sərvətlərindən biri olduğu vurğulanıb.
Samir Abbasov AMM tərəfindən həyata keçirilən layihələrdən danışıb, Özbəkistanın iki aparıcı ali təhsil məktəbində Azərbaycan dilinin tədris edildiyini vurğulayıb.
Bədii hissədə universitetin tələbələri Azərbaycan və özbək dillərində şeirlər söyləyib, AMM-də fəaliyyət göstərən Kaykep Əliyeva adına rəqs ansamblının ifasında milli rəqslərimiz, universitetin özfəaliyyət dərnəklərinin ifasında isə dünyanın müxtəlif xalqlarına aid rəqslər nümayiş etdirilib. Sonda universitetin bir qrup fəal tələbəsinə diplomlar təqdim olunub.