Azərbaycan

 

28 fevral 1894 – Xalq artisti Mustafa Həşim oğlu Mərdanov (1894 – 28.12.1968) Cənubi Azərbaycanın Mərənd şəhərində doğulub. Tiflisdə Azərbaycan teatrında, Bakıda Akademik Milli Dram Teatrında çalışıb. “O olmasın, bu olsun”, “Əhməd haradadır?”, “Qanun naminə” və s. filmlərdə çəkilib. Azərbaycan Teatr Cəmiyyətinə rəhbərlik edib.

28 fevral 1908 – Tanınmış türkoloq, filologiya elmləri doktoru Hadi İsmayıl oğlu Mirzəzadə (1908-1965) Bakıda anadan olub.

28 fevral 1911 – Bakıda Opera Teatrının (indiki Akademik Opera və Balet Teatrı) açılışı olub. Açılış gecəsində M.Musorqskinin “Boris Qodunov” operası oynanılıb. 1928-ci ildə sənət ocağı Dövlət Böyük Opera Teatrı, 1934-cü ildə M.F.Axundzadə adına Böyük Opera və Balet Teatrı adlandırılıb.

28 fevral 1918 – Xalq artisti Sofiya Bəşir qızı Bəsirzadə (Vəzirova; 1918 – 4.1.2000) Kazan şəhərində doğulub. 1938-ci ildən Akademik Dram Teatrının aktrisası olub, 1993-cü ildən Bakı Bələdiyyə Teatrında çalışıb. “Şərikli çörək”, “Romeo mənim qonşumdur”, “Yol əhvalatı” və s. filmlərdə çəkilib.

28 fevral 1940 – Əməkdar incəsənət xadimi, rəssam Kamal Əhməd oğlu Əhmədov (1940 – 29.11.1994) anadan olub. Çoxfiqurlu tablo və portretlər, mənzərə və natürmortlar, abstrakt kompozisiyaların müəllifidir.

28 fevral 1942 – Tanınmış şair, publisist, tərcüməçi Səyavuş Əli oğlu Sərxanlı (1942 – 1.7.2005) Şəmkir rayonunun Sərxan kəndində anadan olub.

28 fevral 1944 – Əməkdar artist, tanınmış müğənni Nəzakət Əli qızı Məmmədova (1944 – 21.10.1980) Gəncə şəhərində doğulub. Opera və Balet Teatrının solisti olub.

28 fevral 2014 – Prezident İlham Əliyev tanınmış inşaatçı, dövlət xadimi, SSRİ Dövlət mükafatı laureatı Əliş Ləmbəranskinin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

 

29 fevral 2020 – Xalq artisti Ağaxan Əli oğlu Salmanlı (29.10.1941 – 2020) vəfat edib. Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru olub. Televiziya tamaşalarında çəkilib. Uşaqlar üçün pyeslərin müəllifidir, bir neçə tamaşaya quruluş verib.

 

1 mart 1947 – Əməkdar artist Novruz Yaqub oğlu Əliyev (Novruz Qartal; 1947 – 8.1.2022) anadan olub. Akademik Musiqili Teatrın aktyoru olub, filmlərə çəkilib.

1 mart 1947 – Əməkdar mədəniyyət işçisi, səs operatoru Əsəd Fərrux oğlu Əsədov (1947 – 23.9.2023) anadan olub. “Azərbaycanfilm” kinostudiyasında baş mühəndis işləyib, “Mozalan” satirik kinojurnalında fəaliyyət göstərib.

1 mart 1952 – Əməkdar incəsənət xadimi, kinoşünas, kinodramaturq Aydın Ərşad oğlu Dadaşov (1952 – 15.3.2017) Ağdamda doğulub. Mədəniyyət və İncəsənət Universitetinin professoru olub.

1 mart 2010 – Prezident İlham Əliyev Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksinin bərpası ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb. Kompleksin açılışı 2016-cı ilin 17 fevralında keçirilib.

1 mart 2013 – Prezident İlham Əliyev Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi və Azərbaycan Respublikasında 10 mart – “Milli Teatr Günü”nün təsis edilməsi haqqında sərəncamlar imzalayıb.

1 mart 2013 – Prezident İlham Əliyev görkəmli teatr və kino aktyoru, Xalq artisti Əliağa İsmayıl oğlu Ağayevin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

 

Dünya

 

28 fevral 1892 – Müasir Türkiyə teatrının qurucularından biri, kino aktyoru və rejissoru Mühsin Ertuğrul (1892-1979) anadan olub.

28 fevral 1893 – SSRİ Xalq artisti, kinorejissor Vsevolod Pudovkin (1893-1953) anadan olub. Kinematoqrafiyaya dair əsərlərin müəllifidir, bir çox rejissorların (o cümlədən azərbaycanlı) müəllimi olub.

 

29 fevral 1792 – Görkəmli italyan bəstəkarı Coakkino Rossini (Gioachino Antonio Rossini; 1792–1868) anadan olub. Məşhur “Sevilya bərbəri” və 40-dək başqa operanın müəllifidir.

29 fevral 1796 – Belçikalı sosioloq, elmi statistikanın banilərindən biri Adolf Ketle (Lambert-Adolph-Jacques Quetelet; 1796–1874) anadan olub.

29 fevral 1920 – Rus opera müğənnisi, aktyor, SSRİ Xalq artisti İvan İvanoviç Petrov (Krauze; 1920–2003) anadan olub. “Başsız atlı” filmində Zeb Stamp rolunda çəkilib.

 

1 mart 1445 – İtalyan rəssamı Sandro Bottiçelli (Botticelli; əsl adı – Alessandro di Mariano di Vanni Filipepii; 1445 – 17.5.1510) anadan olub. “Veneranın doğuluşu”, “Yaz” və s. əsərləri İntibah incəsənətinin məşhur nümunələridir.

1 mart 1810 – Polyak bəstəkarı və pianoçusu, romantizmin parlaq nümayəndəsi Frederik Şopen (Frederic François Chopin; 1810 – 17.10.1849) anadan olub. Vals, noktürn, ballada, sonata, polonez və digər janrlarda əsərlərin müəllifidir.

1 mart 1888 – Ukrayna yazıçısı, pedaqoq Aleksandr Sergeyeviç Makarenko (1888–1939) anadan olub. Əsərləri: “Pedaqoji poema” (roman), “30-cu ilin marşı” (povestdə müəllifin Bakıya səfəri, neftçilərin həyatı da təsvir edilib).

1 mart 1892 – Yapon yazıçısı Rünoske Akutaqava (1892–1927) anadan olub.

Hazırladı: V.Orxan