Bu dəfə filarmoniyanın səhnəsində
Salon konsertləri ənənəsini dirçəldən “Mystery Ensemble”nin növbəti musiqi axşamı M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində gerçəkləşib. “Red Events” agentliyinin təşkilatçılığı ilə ərsəyə gələn Şam işığında “Üzüklərin əfəndisi” adlı proqram məşhur kanadalı bəstəkar Hovard Şorun kino melodiyalarına səyahətə çevrilib.
Xatırladaq ki, bundan öncə “Mystery Ensemble”nin konserti Kamera və Orqan Musiqisi Zalında keçirilmiş və böyük maraqla qarşılanmışdı. Ansamblın üzvlərini tanınmış skripkaçı, Əməkdar artist Ceyla Seyidova bir araya gətirib.
Hovard Şor “Üzüklərin əfəndisi” kinotrilogiyası üçün yazdığı musiqilərə görə “Oskar”, “Qremmi” və “Qızıl qlobus” mükafatlarına layiq görülüb. Bu filmlərə bəstələnən saundtreklər dəfələrlə müxtəlif orkestrlər tərəfindən teatr zallarında səsləndirilib.