Astara rayonunun Kakalos kəndindəki Folklor evində fəaliyyət göstərən Tarix-diyarşünaslıq muzeyində mərhum jurnalist, Əməkdar mədəniyyət işçisi Şakir Yaqubovun xatirə guşəsi açılıb. Nəcib işin təşəbbüsçüsü muzeyin yaradıcısı, qocaman mədəniyyət işçisi Fərbiyə Şabanovadır.
Şakir Yaqubov 1951-ci il fevralın 25-də Kakalosun qonşuluğunda yerləşən Bala Şahağacı kəndində anadan olub. Ustad jurnalist “Azərbaycan gəncləri”, “Kommunist” (indiki “Xalq qəzeti”), “Həyat” (indiki “Azərbaycan”), “Səhər” və “Panorama” qəzetlərində çalışıb. “Mən şahidəm ki…”, “Hakim mərkəzi göstərir”, “Bizim səfər haçandı?!”, “Banişevski olduğu kimi”, “Taleyimdən keçənlər”, “Yaddaşımın küncündən…” və digər kitabların müəllifidir. Bir çox yaradıcılıq mükafatlarına layiq görülüb. 2022-ci il oktyabrın 15-də əbədiyyətə qovuşub.
Bu günlərdə mərhum jurnalistin ailə üzvləri və dostları Bala Şahağacı və Kakalos kəndlərində olublar. Onlar muzeydə yaradılan xatirə guşəsinə Şakir Yaqubovun şəxsi arxivindən bir sıra sənəd və fotoşəkillərin surətini təqdim ediblər.