Qətərdə Azərbaycan Mədəniyyəti Günləri başa çatıb
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 21-24 fevral tarixlərində Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən Azərbaycan Mədəniyyəti Günləri başa çatıb.
Zəngin proqramı olan mədəniyyət günləri çərçivəsində fevralın 23-də Dohanın Venue Teatrında Azərbaycan incəsənət ustalarının iştirakı ilə təntənəli qala-konsert təşkil olunub.
Azərbaycan və Qətərin mədəniyyət nazirləri Adil Kərimli və Şeyx Əbdülrəhman bin Həməd əl-Tani, Azərbaycanın Qətərdəki səfiri Mahir Əliyev, ölkəmizdən gəlmiş qonaqlar, yerli ziyalılar və eləcə də əcnəbi vətəndaşlar konserti izləyiblər.
Musiqi axşamında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib. Dirijor Mustafa Aşurovun rəhbərliyi ilə ansambllar gecənin solistləri ilə birlikdə xalq mahnılarını, Azərbaycan və ərəb bəstəkarlarının əsərlərini səsləndiriblər.
Konsert proqramı Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Cəngi”nin ifası ilə başlayıb. Daha sonra Fikrət Əmirov, Tofiq Quliyev, Arif Məlikov, Rauf Hacıyev, Emin Sabitoğlu, Dadaş Dadaşov, Ələkbər Tağıyev, Həsən Rzayev, həmçinin Əhəb Abd əl-Vahed, Fərid əl-Əfraş və başqalarının əsərləri ifa olunub.
Solistlər – Xalq artisti Azər Zeynalov, Əməkdar artistlər Nərgiz Kərimova, Babək Niftəliyev, Emil Əfrasiyab (piano) və Çinarə Mütəllibova (qanun), həmçinin Məqsəd Əzizov (balaban), İbrahim Babayev (tar), Əli Quliyev (saz), İlkin Dövlətov, Fatimə Cəfərzadə, İdris Hüseynov (ud), Elnur Mikayılov (kamança) və Aytən Məhərrəmovanın çıxışları tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb. Konserti izləyənlər Azərbaycan incəsənət ustalarının ifasından böyük zövq alıblar.
Mədəniyyət günləri çərçivəsində fevralın 24-də Azərbaycan Dövlət Rəqs Ansamblının iştirakı ilə bağlanış konserti də yaddaqalan olub. Konsertdə “Qazağı”, “Toy rəqsi”, “Sarı gəlin” və digər milli rəqslərimiz təqdim edilib.
Ansamblın bədii rəhbəri Xalq artisti Rüfət Xəlilzadə konsertdən sonra təəssüratlarını bölüşərək deyib: “Ölkəmizin ən tanınmış, ən görkəmli, ən istedadlı ansambl və qrupları ilə birlikdə Azərbaycan mədəniyyətini Qətərdə təmsil etmək çox qürurverici hissdir. Hər birimiz əlimizdən gələni ən yüksək səviyyədə etməyə çalışdıq.
İstədik ki, musiqimiz, rəqslərimiz dohalı tamaşaçıların yaddaşında qalsın. Milli rəqsimiz bizim mədəniyyətimizi, adət-ənənələrimizi özündə əks etdirir. Bizim proqramımız çox geniş idi. Lakin ən seçilmiş rəqsləri bir saat ərzində təqdim etdik. Bizim uşaqların hər biri sanki əsgər kimi səhnədə mədəniyyətimizin keşiyində durdu”.
Qeyd edək ki, Qətərdə Azərbaycan Mədəniyyəti Günləri həm də xalqımızın zəngin mətbəx nümunələrinin təqdimatı ilə yadda qalıb. Fevralın 22-də Qətər Milli Kitabxanasında keçirilən “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi çərçivəsində milli mətbəximizdən rəngarəng şirniyyat nümunələri də təqdim edilib. Tədbir iştirakçıları səkkizguşəli ulduz və milli ornamentimiz buta formasındakı tabaqlarda milli şirniyyatlarımız şəkərbura, paxlava, şorqoğalı, badambura ilə bəzədilmiş çay süfrəsinə qonaq olub, çay süfrə mədəniyyətimizin əsas və vacib elementi olan armudu stəkanda zərif ətri ilə seçilən məxməri Azərbaycan çayının dadına baxıblar. Milli mətbəximizin ləziz şirniyyatları və Azərbaycan çay süfrəsi mədəniyyəti bəyənilib, təqdir olunub.
Onu da bildirək ki, Qətərdə mədəniyyətimizin təntənəsinin yaşandığı dövr həm də qardaş Özbəkistanın bu ölkədə gerçəkləşən mədəniyyət günlərinə təsadüf edib. Azərbaycan nümayəndə heyəti Dohada Özbəkistan Mədəniyyəti Günləri çərçivəsində özbək xalq sənətinin təqdim edildiyi sərgi ilə tanış olub.