Bu günlərdə muzeyimizə telefon zəngi oldu. Məlahətli səsli bir xanım öz şagirdlərini muzeyə gətirmək istədiyini söylədi. Ertəsi gün onlar muzeyə gəldilər. Məlum oldu ki, gələnlər Bakıdakı 18 saylı orta ümumtəhsil məktəbinin müəllim və şagirdləridir. Ekskursiyanın rəhbəri isə məktəbin həm dərnək rəhbəri, həm də musiqi müəllimi Gülzar Oqtayqızıdır.
Gülzar müəllimə uzun müddətdir ki, bu məktəbdə çalışır və kollektivin hörmət və rəğbətini qazanıb. Şagirdlərə dərs deməkdən əlavə o, məktəbdə təşkil etdiyi dərnəyə istedadlı uşaqları cəlb edir, onlara musiqinin incəliklərini aşılayır. Tanış olduqca onu da öyrəndik ki, əvvəlcə Asəf Zeynallı adına Musiqi Kollecini, sonra isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. Məktəbdə çalışmaqla yanaşı, 4 saylı Uşaq-gənclər inkişaf mərkəzində də fəaliyyət göstərir. Oradakı kollektivin də sevimlisi olan Gülzar müəllimə, sən demə, həm də həvəskar bəstəkardır. Azərbaycanın professional musiqi nümunələri ilə birgə özünün bəstələdiyi vətənpərvər musiqiləri də gənclərimizə öyrədir.
Bütün bunları biləndən sonra biz Gülzar müəlliməni şagirdləri ilə birlikdə Xocalı faciəsinin 32-ci ildönümü münasibətilə muzeyimizdə keçiriləcək tədbirə dəvət etdik. Gülzar müəllimə həmin gün şagirdlərilə birlikdə muzeydə geniş musiqili kompozisiyası ilə tədbir iştirakçıları qarşısında çıxış etdi.
Proqramda Gülzar Oqtayqızının sözləri Tahirə Məğrura aid “Xocalı”, “Ətirli çiçəklər”, “Azadlıq marşı”, sözləri özünə aid olan “Tələbə”, “İllər”, “Gülür Azərbaycan”, “Vətən balladası” mahnıları səsləndirildi.
Şagirdlər həmçinin musiqisi Sevil Əliyevaya aid “Əziz ana” (söz: Fikrət Qoca), Polad Bülbüloğlunun “Azərbaycan” (söz: Məstan Günər) mahnılarını oxudular. Onları royalda Gülzar müəllimə müşayiət edirdi. Tədbirdə uşaqlar həmçinin Azərbaycan şairlərinin Xocalı faciəsinə həsr edilmiş şeirlərini, poemalarından parçaları musiqinin müşayiəti ilə ifa etdilər.
Qeyd etmək istəyirik ki, Gülzar Oqtayqızının yetirmələri Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda həm musiqi ixtisası üzrə təhsil alır, həm də professional musiqiçi kimi fəaliyyət göstərir. Onun mahnılarını tanınmış müğənnilərdən Gülyaz və Gülyanaq Məmmədovalar ifa edib, bu mahnılara kliplər çəkdiriblər. Gülzar Oqtayqızının vətənpərvər mahnıları bir çox tədbirlərdə alqışlarla qarşılanıb.
Gülzar müəllimə hər zaman şagirdlərə bayağı musiqidən uzaq olmağı, Azərbaycanın bütün dünyada sevilən professional musiqisini dərindən öyrənməyi aşılayır.
Biz də ona uşaq və yeniyetmələrin musiqi sahəsində maarifləndirilməsi işində uğurlar diləyir, cansağlığı, daha çox yaradıcılıq ilhamı diləyirik.
Gülnarə Ələsgərova
Üzeyir Hacıbəylinin Ev-Muzeyinin şöbə müdiri