Heydər Əliyev Mərkəzində sərgi açılacaq

 

Martın 17-də Heydər Əliyev Mərkəzində “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı sərgi açılacaq. Novruz bayramı ərəfəsində burada əlvan rənglərlə bol olan bahar təravətli ekspozisiya təqdim ediləcək.

Özbəkistan Mədəniyyətinin və İncəsənətinin İnkişafı Fondu ilə birgə keçirilən sərgidə bu ölkənin muzey toplusundan olan 148-dən çox dekorativ-tətbiqi sənət nümunəsi nümayiş etdiriləcək. Sərgi XIX əsrin sonu–XX əsrin əvvəlində Özbəkistanın mədəni-tarixi irsinə və milli geyimlərinə həsr olunub.

Sərgi bir neçə bölmədən ibarət olacaq: kişilərin milli geyiminin əsas elementi olan qızıl naxışlı çapanlar (uzun üst geyimi), Daşkənd, Cizax, Səmərqənd, Şəhrisəbz, Nurata və Buxara kimi şəhərlərdən əl ilə işlənmiş dekorativ tekstil – suzaninin nümunələri, Səmərqənd, Buxara və Qaraqalpaqstandan ustaların gümüş, firuzə və digər qiymətli daşlardan hazırladıqları zərgərlik nümunələri təqdim olunacaq.

Sərgi XIX–XX əsrin əvvəlində Özbəkistana xas olan sənətkarlığın dirçəlişini əks etdirir.