Avstriyada fəaliyyət göstərən “ÖST Ensemble” ansamblı Vyanada “Arzu balıq dastanı” adlı performans proqramı ilə çıxış edib.
Şəhərdəki “Future Art Lab” zalında nümayiş olunan proqram tamaşaçıların çoxsaylı müraciətləri əsasında ansamblın ötən il təqdim etdiyi eyniadlı layihənin genişləndirilmiş yeni təqdimatıdır. Layihə Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və Yunus Əmrə İnstitutunun dəstəyi ilə reallaşıb.
Xatırladaq ki, “ÖST Ensemble” Vyanada ilk konsert proqramı ilə 2023-cü ilin iyulunda çıxış etmişdi. “Arzu balıq dastanı” Vyana Musiqi və Səhnə Sənətləri Universitetində təqdim edilmişdi. “ÖST Ensemble” bəstəkar, musiqi nəzəriyyəçisi və etnomusiqişünas Aria Torkanbouri tərəfindən 2020-ci ildə təşkil edilib.
Aria Torkanbouri dastanı məşhur təbrizli yazıçı, tərcüməçi Səməd Behrənginin “Balaca qara balıq” nağılı əsasında qələmə alıb və bu kompozisiyasını tərtib edib. Performans başdan-başa Azərbaycan-türk aşıq-dastan ənənəsi əsasında qurulub.
Fərqli musiqi və rəqs mədəniyyətlərindən seçilən əsərlərin hamısı dastan rəvayəti əsasında, aşıqların dastan söyləmə formasına dayanaraq yeni üslubda ifa olunub. “Arzu balıq dastanı”nda Fikrət Əmirovun “Mən səni araram”, “Min bir gecə” baletindən rəqs, Niyazinin “Qaytağı” və Güney Azərbaycan aşıq havası “Çal, aşıq, çal!” kimi əsərləri təqdim edilib.
Bunlarla yanaşı, Azərbaycan “Mahur” və “Şüştər” muğamları da Vyanada yaşayan təbrizli solist Hadi Mostafaei tərəfindən ifa edilib. Azərbaycan türkcəsindən başqa gilək, fars, gürcü, Türkiyə türkcəsi, noqay türkcəsi, maqduniyyə və macar dillərində mahnılar da səsləndirilib. Berlində yaşayan və əslən təbrizli olan Hamid Sanei Azərbaycan və alman dillərində dastanı qiraət edib.
Aria Torkanbouri Vyana Musiqi və Səhnə Sənətləri Universitetinin Etnomusiqişünaslıq İnstitutunu bitirib, diplom işi Azərbaycan-türk aşıq sənətinə həsr olunub. Bundan sonra Avropanın musiqi mərkəzi sayılan Vyanada Azərbaycan-türk dastan ifaçılığı ənənəsini yeni formada səhnəyə çıxarmaq qərarına gəlib.
Təxminən iki saat davam edən konsertin bir özəlliyi də seçilmiş əsərlərin hamısının Şərq musiqi səs sistemi qanunlarına uyğun olan və həmin səs sisteminin tonal qanunlarına uyaraq aranjiman və ifa olunmasıdır. Azərbaycan, türk, qazax, fars, ərəb, yəhudi, macar və s. musiqi mədəniyyətlərindən nümunələr qarışıq formada ifa olunub.
A.Torkanbouri Tehran, Bakı, İstanbul, Berlin və Vyanada fortepiano, bəstəkarlıq, orkestr dirijorluğu, musiqi nəzəriyyəsi üzrə mütəxəssislərdən (o cümlədən Azərbaycanda Arif Məlikov, Ceyhun Allahverdiyev, Azər Dadaşov və başqalarından) dərs alıb. Bəstəkar Güney Azərbaycanın “Talibi-nur“ adlı ilk operasını 2014-cü ildə Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası üzrə yazdığı yeni rəvayət əsasında səhnəyə çıxarıb.