Hər kəs ömür yolunu özü müəyyənləşdirir. Amma  məslək seçimi də təsadüfi deyil. Burda zəhmətdən, bilikdən başqa, insan xarakterinin, dünyagörüşünün, daxili dünyasının, duyğularının mütləq şəkildə rolu var. Elə buna görə də hər kəsin əməli düşüncəsinin, iç dünyasının cəmidir desək, yanılmarıq.

“İnsanın iç dünyası sifətinə, xarakterinə yansıyır” sözünü təsadüfi deməyiblər. Gözəl görən gözəl söyləyər, əməlləri, düşüncələri də gözəl olar. Gözəllilk yalnız xarici görünüşdə deyil. O həm də insanın daxili saflığından, xoş arzularından mayalanır, qidalanır...

“Azərbaycanfilm” kinostudiyasında ssenarist, redaktor kimi çalışan, məzmunlu məqalələri ilə ədəbi mühitin diqqətini çəkən, uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasında baş müəllim, dosent vəzifələrində çalışan Svetlana İsmayılova da imza atdığı hər bir işində gözəllik təcəssüm etdirib, istedadlı mütəxəssis, mehriban insan kimi həmkarlarının, onu tanıyanların yaddaşında iz salıb.

İnsanı nəcib əməlləri yaşadır. Artıq iki ildir (2022-ci ilin 25 fevralından) aramızda olmayan Svetlana xanımı da həmkarları, dostları sənətdəki peşəkarlığı, yüksək mənəvi keyfiyyətləri, gözəl xüsusiyyətləri ilə xatırlayırlar. Onu tanıyanların hafizəsində nurlu, işıqlı insan kimi qalan Svetlana İsmayılovanın anadan olmasının 85-ci ildönümündə həyat yoluna qısa nəzər salaq.

 

Onu hamı sevirdi

 

Xatirələr ömür kitabının səhifələridir. Vərəqlədikcə ora həkk olunanlar nostalji duyğular yaradır, insanın keçdiyi ömür yolu, məramı, həyat mövqeyi aydınlanır. Məmnunluq hissi doğuran xatirələrsə örnək timsallı ömürlərə ünvanlanır. 

Svetlana İsmayılovanın belə örnək ömrünün başlıca xüsusiyyəti insanlığa verdiyi dəyəri, ətrafındakılara olan hörməti ilə bağlıdır. Həyatın ziqzaqlı dolanbaclarında, kələ-kötür yollarında zəhməti, biliyi sayəsində şəxsiyyətini, cəmiyyətdəki mövqeyini təsdiqləyən ziyalı xanım üçün fərdiyyətini tanıtmaq məqsəd yox, ruhundan mayalanan qismət idi. İşıqlı düşüncəsinə, əməlisalehliyinə, işgüzarlığına görə də hamı onu sevirdi.

Svetlana İsmayılova ömrünün 45-ci ilində həyatını kinostudiya ilə bağlayıb. 1984–2001-ci illərdə “Azərbaycanfilm” kinostudiyasının aparıcı redaktoru olub. Burada sənədli, bədii və animasiya filmləri şöbəsində, “Mozalan” satirik kinojurnalında ssenari müəllifi və redaktor kimi çalışıb. Filmlərin mətn düzülüşünün qüsursuzluğna diqqət yetirib, məzmun tamlığına, axıcılığına, rəvan, aydın və anlaşıqlı şəkildə təqdim olunmasına imkan yaradıb. Eyni zamanda bir sıra sənədli, animasiya filmlərinin, “Mozalan” süjetlərinin müəllifi olub. 70-ə yaxın bədii filmi rus dilindən Azərbaycan dilinə tərcümə edib. Ssenariləri əsasında Azərbaycan alim və yazıçılarına həsr olunan silsilə sənədli (görkəmli alim, yazıçı, pedaqoq Əzizə Cəfərzadənin 70 illiyinə ithaf edilən “Ağ saçların işığı”, tarix elmləri doktoru Püstəxanım Əzizbəyova haqqında “Dünyanı gözəllik xilas edəcək” və s.) filmlər çəkilib. Ssenarisi əsasında ekranlaşdırılan “Anam Kür” (Ərzuman Məmmədovla birgə) sənədli filminin yaradıcı heyəti 1996-cı ildə ekologiya sahəsindəki aktual məsələlərin, problemlərin kütləvi informasiya vasitələri ilə işıqlandırılmasına və fəal təbliğinə görə akademik Həsən Əliyev adına mükafata layiq görülüb.  

Hər bir mövzuya dolğun yanaşma ekran qəhrəmanının həyat yolunu kino estetikası çərçivəsində təqdim etmək, haqqında danışacağın insanı yaxından tanımaq, yaşam tərzini, varlığını obrazlı şəkildə təqdim etmək deməkdir. Svetlana İsmayılovanın ssenariləri əsasında çəkilən filmlərdə əmək, elm, sənət adamlarının həyatı aydınlıqla çatdırılır, məzmunlu mətnlər ziyalı təfəkkürünün süzgəcindən keçirilərək əks olunur. Bu mənada məsləyini yüksək səviyyədə təqdim etmək, sənətsevərlərin rəğbətini qazanmaq illərin təcrübəsini ömür kitabının səhifələrinə fəxarət hissi ilə həkk etmək deməkdir.

Əməkdar incəsənət xadimi, kinorejissor Nizami Abbas onu belə xatırlayır: “Svetlana xanım kinonun ağır günlərində kinostudiyaya gəlmişdi. “Yaddaş” sənədli filmlər studiyasında redaktor kimi fəaliyyət göstərirdi. 1998-ci ildə kinorejissor Cəmil Fərəcov Xalq yazıçısı İlyas Əfəndiyevin həyat və yaradıcılığından, ictimai fəaliyyətindən bəhs edən “Sən həmişə bizimləsən” filmini çəkirdi. Mən həmin filmdə operator kimi çalışırdım. Filmin ssenarisini Mailə Muradxanlı Cəmil Fərəcovla birgə yazmışdı. Svetlana xanım filmin redaktoru idi. O, işini gözəl bilirdi və məsuliyyətlə yanaşırdı. Aurası gözəl idi. Olduqca istiqanlıydı, hamıyla mehriban davranırdı. Onunla işləmək rahat idi. Buna görə də kinostudiyada hamı onun hörmətini saxlayırdı...”.

 

Yazıb-yaratmaq eşqi

 

1939-cu il fevralın 26-da Bakıda dünyaya göz açan Svetlana İsmayılova hələ kiçik yaşlarından ədəbiyyata, sənətə maraq göstərib. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsini bitirib (1958). Tələbəlik illərindən mətbuatda müxtəlif mövzulu yazıları ilə çıxış edib, ədəbi mühitin  diqqətini çəkib. Yazıb-yaratmaq eşqi onu bir gün də olsun rahat buraxmadığından jurnalist fəaliyyəti ilə yanaşı, bir neçə kitab qələmə alıb. “Çinarım mənim”, “Vaxt var idi…” kitabları oxucular tərəfindən maraqla qarşılanıb.

Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda kino sənəti üzrə dissertant olub, “Azərbaycan gəncləri” qəzetində ədəbi işçi və şöbə müdiri, incəsənət şöbəsinin elmi redaktoru vəzifələrində çalışıb. Azərbaycan Sovet Ensiklopediyası baş redaksiyasında incəsənət şöbəsinin elmi redaktoru işləyib.

Bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasında dosent, baş müəllim olub. Sözün əsl mənasında, tələbələrinin hamisinə, dostuna çevrilib. Kino sahəsindəki xidmətlərinə görə müxtəlif diplomlara, mükafatlara, o cümlədən “Qızıl qələm” (1990), “Həsən bəy Zərdabi” (1998) mükafatlarına, Arif Babayev adına fəxri diploma (2002) layiq görülüb.

 

Yada düşər xatirələr

 

Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, kinorejissor Cəmil Quliyevin xatirələri Svetlana xanımı daha yaxından tanımağa kömək edir: “Svetlana İsmayılova “Azərbaycanfilm” kinostudiyasında ssenari redaksiya heyətinin üzvü, bir çox bədii, sənədli, animasiya filmlərinin aparıcı redaktoru idi. Kinostudiyanın Dublyaj şöbəsində rus dilindən Azərbaycan dilinə dublyaj olunan filmlərin redaktoru və tərcüməçisi kimi işləyirdi.

Onunla iki sənədli film üzərində işləmişəm. Onlardan biri akademik Püstəxanım Əzizbəyovaya həsr olunmuş film idi, ikinci film isə Qərbi Azərbaycanda, indiki Ermənistan ərazisindəki yurd yerimiz olan Nüvədi kəndindən bəhs edirdi. Svetlana xanım sənədli kinonu dərindən bilirdi və sənədli materiallarla dəqiq işləyirdi. Filmin görüntü sırası hazır olduqdan sonra məntiqli, təsirli yanaşma ilə həmin görüntülərə aid mətn hazırlayırdı.

Qayğıkeş, təvazökar insan olduğundan hamı onun otağına toplaşırdı. Adama elə gəlirdi ki, onun otağı intellektual, mədəni mərkəzdir. Görkəmli kinorejissorlardan Tofiq Tağızadə, Rasim Ocaqov, Şamil Mahmudbəyov, Ceyhun Mirzəyev, Ziyafət Abbasov, Cəmil Fərəcov, Yalçın Əfəndiyev, Dublyaj şöbəsinin aparıcı rejissorlarından Arif Həbibi, Ağası Zeynalov, görkəmli aktyorlardan Həsənağa Turabov, Səməndər Rzayev və digərləri həmişə onun otağına gəlir, yaradıcılıq söhbətləri edirdilər. Otağında həmişə isti çay olurdu, qonaq gələn insanları gülərüzlə qarşılayırdı. Bu kimi mehriban xüsusiyyətləri ilə insanları özünə yaxınlaşdırırdı. 

Mədəniyyət və İncəsənət Universitetində bir neçə fənni tədris edirdi. Tələbələri tərəfindən sevilən, hörmət olunan pedaqoq idi. Svetlana xanım 2002-ci ildən Almaniyada yaşayanda da tələbələri onunla mütəmadi olaraq əlaqə saxlayırdılar. Dünyasını dəyişdiyini eşidəndə onlar sosial şəbəkədən təəssüfləndiklərini, kədərləndiklərini bildirirdilər. Bu isə onun nə qədər böyük sevgi ilə əhatə olunmasının bariz nümunəsidir.

Onunla sonuncu dəfə 2022-ci ilin fevral ayının 1-də danışdım. Bir müddət sonra xəstəxanada olduğunu eşitdim. Həyatdan getməsi mənim üçün ağır bir itki oldu. Çünki bir il əvvəl anamı itirmişdim. Çətin vaxtlarımda Svetlana xanım daim mənimlə əlaqə saxlayırdı. Baxmayaraq ki, Almaniyada idi, hər gün mənə zəng edirdi, qayğıma qalırdı. Qayğıkeş, təvazökar, dostluğu axıra kimi davam etdirməyi bacaran insan, ziyalı, peşəsini dərindən bilən bir şəxsiyyət idi. Allah ona rəhmət eləsin...”.   

Şəhla Əmirli
kinoşünas