Yazını niyə belə sərlövhə ilə qələmə aldığımı sonda açıqlayacam. İndi isə onunla bağlı düşüncələrimi xatirəsi ilə bölüşmək istəyirəm. Bəli, onun xatirəsi ilə. İnanıram ki, bu düşüncələr həzin, kövrək bir xatirə kimi oxucuların da yaddaşında iz qoyacaq. Çünki o, çoxlarının qəlbində xoş xatirə və həzin duyğularla əbədi yaşamaq haqqı qazanıb. Bu əbədiyaşarlığı da ona Tanrı verdi. Səsi ilə, istedadı ilə, fədakarlığı ilə, sənətkarlığı ilə onu elə yaratdı ki, o, daim yaşasın. Səsində, sənətində yaşasın.
Əziz oxucular, əminəm ki, bu düşüncələrlə siz də razısınız. Çünki mənim duyduqlarımı siz də duyursunuz. Siz də o səsin məlahətliliyinə, onun sənətinin böyüklüyünə heyransınız və onu heç kimlə səhv salmaq və ya səsini, avazını kiminləsə qarışdırmaq mümkünsüzdür. Çünki o, səsi, görkəmi, davranışı, hətta imici ilə də bənzərsiz idi. Aygün Hümbətova Bəylər.
Bizim onunla şəxsi tanışlığımız yox idi. Onun barəsində bu günə qədər nə yazı yazmışam, nə də haqqında veriliş hazırlamışam. Amma həmişə ona bir dinləyici kimi sevə-sevə qulaq asmışam. Bu sevginin mənbəyi isə onun peşəkar ifa tərzi olub. Hər bir ifasında nəsə yeni bir xal, yeni nəfəs, yeni zəngulə eşidəcəyim üçün onu maraqla dinləmişəm. Belə bilirəm ki, bu maraq heç vaxt azalmayacaq. Çünki Aygün xanımın məlahətli səsi və peşəkar ifa məziyyətləri əsl sənətkarlıq nümunəsidir. Sənətdə özü olanlar heç vaxt unudulmur. Sən də unudulmayacaqsan, əziz Aygün!
Əgər şəxsi münasibətimiz olsaydı, bəlkə haqqında daha çox fikir söyləyərdim. Amma indi yalnız sənətin haqqında danışıb düşüncələrimi ruhunla bölüşürəm. Əminəm ki, bu dediklərim ruhuna əyandır. Ruhun varlığı həmişəyaşarlıqdır. Fərq etmir sən bu dünyada varsan, yoxsa yox. Səninlə bağlı düşüncələrimi də sən dünyada olmayanda qələmə aldım. İstədim ki, düşüncələrimi xatirənlə bölüşüm.
Sən bu sənət üçün doğulmuşdun. İstedadını zəhmətinlə qovuşdurub bu sənətin sirlərini daha dərindən mənimsəyib, ali təhsil alıb kamil ifaçılıq cəhətlərinə yiyələndin. İfanda muğam, xalq və bəstəkar mahnıları, milli və estrada nümunələri çox mükəmməl səslənirdi, hər nə oxudunsa ona öz möhürünü vurdun. İfalarınla sənətə öz adını yazdın. Amma, təəssüf ki, bəstəkarlıq üzrə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında aldığın ali təhsil yarımçıq qaldı. Bəlkə bu da taleyinə düşən bir qismət idi.
Oxuduğu nəğmələrin sonuncusu bəstəkar Sevda Məmmədlinin Elmira Sabirqızının sözlərinə “Sənli xatirələr” mahnısındakı kimi:
Ömür bir dalğa idi, sahilə dəydi getdi,
Həyat bir məşəl idi, ölüm söndürdü getdi...
O, beləcə, ömür nəğmələrini ifa edərək bəlkə də öz taleyini oxuyub getdi. Və onun oxuduqlarında da elə insan taleyi səslənir.
Əziz Aygün, ifalarından aldığımız təəssürat ruhumuzun qidasıdır. Sanki qulağımda sənin bəstəkar Pikə Axundovanın İlham Aslanovun sözlərinə yazdığı “Qəlbimin səsi” mahnısından ifan səslənir, bu misranı eşidiriəm: “Sən mənim ruhumun qida yerisən”. Bu məlahətli səs neçə-neçə ruhun qida yeri olub və olacaq. Hələ bu səsin açılmamış şifrələri açılacaq. Sənin sənətin daha da seviləcək və bu sənət haqqında daim xoş sözlər deyiləcək. Səsin nəsillərin mənəvi qida yeri olacaq.
Əziz Aygün, bütün bunlar sən dünyada olmayanda səni yaşadacaq. Bu yerdə unudulmaz bəstəkarımız Nəriman Məmmədovun şair Adil Babayevin sözlərinə bəstələdiyi “Ürəklərdə qalaydım” adlı mahnısından misralar da düşür yadıma. Sanki Aygün həzin səslə, incə ruhu və kövrək avazı ilə pıçıldayır:
Könlüm aya, günə sirdaş,
Bircə kəlməm, bircə sözüm
Ürəklərdə qalaydı kaş,
Mən dünyada olmayanda.
Səsi və sənəti ilə ürəklərdə qalan Aygün, ruhun şad olsun.
Səadət Təhmirazqızı
sənətşünaslıq üzrə fəlsəfə doktoru