Tar ifaçılıq sənətindən söz düşəndə ilk olaraq Mirzə Sadıqcan, Qurban Pirimov və digər görkəmli sənətkarlar göz önünə gəlir. Sələflərinin ənənələrini layiqincə davam etdirən tarzənlərdən biri də, musiqi təşkilatçısı, pedaqoq, Əməkdar artist Əhsən Dadaşov olub. Bu il görkəmli tarzənin anadan olmasının 100 illiyidir.
Əhsən Əliabbas oğlu Dadaşov 4 sentyabr 1924-cü ildə Bakı şəhərində dünyaya göz açıb. İlk təhsilini 22 saylı orta məktəbdə alıb. Erkən çağlardan musiqiyə dərin maraq göstərib.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Yaqut Seyidovun araşdırmalarında qeyd edilir ki, Əhsən Dadaşov əvvəlcə tütək alətində ifa etməyə başlayıb, sonra tara həvəs göstərib. Bir gün məktəbdən evə dönərkən yolu Azərbaycan Dövlət Musiqi Texnikumunun qarşısından düşür. Divara vurulan qəbul elanını oxuyur. Valideynlərindən xəbərsiz sənədlərini hazırlayıb təhsil ocağının tar sinfinə verir. Qəbul imtahanını götürən tarzən Ənvər Mənsurov gəncin istedadını görür və deyir: “Musiqini duymağından hiss etdim ki, gələcəkdə ustad sənətkar olacaqsan”. Beləliklə, Əhsən Dadaşov 1938-ci ildə texnikuma daxil olur. Onun sənət müəllimləri görkəmli musiqiçilər, bəstəkar Səid Rüstəmov, Mənsur Mənsurov, Ənvər Mənsurov olur. Bu sənətkarlardan klassik muğam ifaçılığının xüsusiyyətlərini dərindən öyrənir. Sonralar onu daha da inkişaf etdirir və bu sənətin qüdrətli davamçılarından birinə çevrilir. Onun lentə yazdırdığı “Rast”, “Orta Mahur”, “Şur”, “Zabul-segah”, “Hümayun”, “Vilayəti-dilkeş”, “Çahargah”, “Bayatı-Şiraz” və s. muğamları bu gün də Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin “qızıl fond”unda saxlanılır. O, hər ifasında muğama yeni xallar, çalarlar əlavə edib. Bu məharəti Ə.Dadaşovun ustad tarzən olmaqla bərabər, onun tükənmək bilməyən fantaziyaya, oriyentasiyaya sahib olduğunu göstərib.
Ə.Dadaşov tarın texniki imkanlarından bacarıqla bəhrələnib. Musiqini dərindən duyan, novator ifaçı kimi tanınıb. Bir sıra ölkələrdə (İran, İraq, Hindistan, Əlcəzair, Qvineya, Rumıniya, Polşa, Avstriya, Misir, Kuba, Əfqanıstan, Suriya, Türkiyə, ABŞ və s.) musiqi mədəniyyətimizi layiqincə təbliğ edib. Görkəmli sənətkar tamaşaçı və dinləyicilər tərəfindən maraqla qarşılanan bir sıra rəng, təsnif, rəqs, ümumilikdə 30-a yaxın melodiyanın müəllifidir.
Araşdırmalardan məlum olur ki, 1937-ci ilin repressiyası onların ailəsindən də yan keçmir, atası repressiyaya məruz qalır. Ancaq bu məhrumiyyət və çətinliklər gənc musiqiçini ruhdan salmır. O öz üzərində daha çox çalışır. Qısa bir vaxt ərzində məktəbin açıq konsertlərində fəal çıxışlar edir və müvəffəqiyyət qazanır. Konsertlərin birində Ə.Dadaşov “Şur” muğamını çalır. Tədbirdə iştirak edən dahi bəstəkar Üzeyir Hacıbəyli onun çalğısını yüksək qiymətləndirib deyir: “Əhsən sənə, Əhsən!” Bu xeyir-dua gənc tarzənin sənətə marağını daha da artırır.
Onun parlaq istedadı görkəmli bəstəkar və dirijor Səid Rüstəmovun da diqqətini cəlb edir. Rəhbərlik etdiyi Xalq çalğı alətləri orkestrinə işə qəbul etmək istəyir. Ancaq Ə.Dadaşovun yaşı az olduğuna görə bir qədər gözləməli olur. O zaman belə bir ifadə işlədir: “Əhsən hələ vətəndaşlıq pasportu almayıb, amma tar çalmaq pasportunu çoxdan alıb...”. Nəhayət, gənc tarzən S.Rüstəmovun rəhbərlik etdiyi orkestrə qəbul edilir. Bəstəkar ona da xüsusi qayğı ilə yanaşır, sənətkar kimi formalaşması üçün böyük səy göstərir. Nəticədə o, kollektivin yaradıcı simalarından biri olur. Qırx ilə yaxın yaradıcılıq yolu keçən tarzən solist, orkestr ifaçısı, ansambl rəhbəri, bəstəkar, pedaqoq kimi şöhrət qazanır.
Ə.Dadaşov 1953-cü ildə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Tələbə və gənclərin IV Ümumdünya musiqi festivalının laureatı, 1957-ci ildə isə Moskvada keçirilən VI Ümumdünya musiqi festivalının qızıl mükafatçısı olur.
Dünyaşöhrətli müğənni, SSRİ Xalq artisti Rəşid Behbudov 1962-ci ilin əvvəllərində İranda qastrol səfərində olur. Tehran, Təbriz, İsfahan, Ərdəbil, Şiraz, Xoy, Ənzəli, Zəncan, Məşhəd və digər şəhərlərdə konsert proqramları ilə çıxış edir. Müğənnini həmin konsertlərdə unudulmaz tarzən Ə.Dadaşov və pianoçu Çingiz Sadıqov müşayiət edirlər.
İstedadlı tarzənin musiqi mədəniyyətimizin inkişafında xidmətləri yüksək qiymətləndirilir, 1959-cu ildə “Əməkdar artist” fəxri adına layiq görülür.
Sənətkar 1960-cı ildə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində Xalq çalğı alətləri ansamblını yaradır. Ömrünün sonuna kimi bu ansamblın bədii rəhbəri olur. “Xatirə” xalq çalğı alətləri ansamblı görkəmli sənətkarın adını daşıyır.
Mədəniyyət tariximizdə bənzərsiz sənəti ilə dərin iz qoyan və musiqisevərlərin sevimlisinə çevrilən Əməkdar artist Əhsən Dadaşov yaradıcılığının coşqun çağlarında 30 may 1976-cı ildə, 52 yaşında vəfat edib. 2019-cu ildə Mədəniyyət Nazirliyinin dəstəyi ilə yazıçı-jurnalist Rafiq Hacıyevin tarzənin həyat və yaradıcılığından bəhs edən “Əhsən sənə, Əhsən!” kitabı işıq üzü görüb.
Savalan Fərəcov