Türkmənistan Respublikası bu il Türk Dövlətləri Təşkilatının (TDT) tamhüquqlu üzvü ola bilər.
Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov bu barədə Türkiyənin Antalya şəhərində təşkil olunan III Diplomatiya Forumu zamanı bildirib.
Onun sözlərinə görə, ola bilsin ki, bu qərar böyük türkmən şairi və mütəfəkkiri Məhtimqulu Fəraqinin 300 illik yubileyi münasibətilə Aşqabadda TDT dövlət başçılarının Zirvə görüşündə açıqlansın.
Aşqabadda TDT-nin Zirvə görüşünün oktyabr ayında keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Türkmənistan hazırda TDT-də müşahidəçi statusuna malikdir. TDT-nin beş daimi üzvü var: Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan. Türkmənistandan savayı Macarıstan və Şimali Kipr Türk Cümhuriyyəti də təşkilatın müşahidəçi üzvləridir.