Azərbaycan

 

9 mart 1893 (bəzi mənbələrdə 12 dekabr) – Görkəmli aktyor, rejissor, Xalq artisti Abbas Mirzə Mirzə Əbdülrəsul oğlu Şərifzadə (1893 – 16.11.1938) Şamaxıda doğulub. Azərbaycan milli teatr tarixində müstəsna xidmətlər göstərib, dram və opera tamaşalarına quruluş verib. “Bismillah” (1925), “Hacı Qara” (1929) filmlərinin rejissoru olub. 1938-ci ildə repressiya edilərək güllələnib.

9 mart 1915 – Xalq rəssamı Kamil Əli Abbas oğlu Xanlarov (1915–1996) anadan olub. Füsunkar təbiət lövhələrini kətana köçürüb: “Zaqatala dağları”, “Şuşa”, “Araz sahilində”, “Ordubadda qış” və s. Filmlərdə (“Kəndlilər”, “Fətəli xan”) geyim rəssamı işləyib.

9 mart 1929 – Tanınmış diktor, Əməkdar artist Gültəkin Əjdər qızı Cabbarlı (1929 – 15.10.1996) anadan olub. Azərbaycanda peşəkar diktorluq məktəbinin yaranmasında xüsusi xidmətləri olub.

9 mart 1952 – Əməkdar incəsənət xadimi, aktyor, rejissor Əhməd Haşım oğlu Qəmərli (Məlikov; 1880–1952) vəfat edib. Bakı Azad Tənqid-Təbliğ Teatrında çalışıb. “İsmət” (1934), “Almaz” (1936) və s. filmlərdə çəkilib. Kiçik pyeslər yazıb.

 

10 mart 1878 – Böyük yazıçı, dramaturq, mütəfəkkir Mirzə Fətəli Axundzadə (30.6.1812 – 1878) Tiflisdə vəfat edib. 1850-ci illərdə yazdığı 6 komediya ilə Azərbaycan dramaturgiyasının, 1857-ci ildə qələmə aldığı “Aldanmış kəvakib” povesti ilə realist Azərbaycan nəsrinin təməlini qoyub.

10 mart 1915 – İlk azərbaycanlı balerina, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, professor Qəmər Hacağa qızı Almaszadə (1915 – 7.4.2006) anadan olub. Professional səhnəni tərk etdikdən sonra Dövlət Opera və Balet Teatrının baş baletmeysteri olub (1953–1972), Bakı Xoreoqrafiya Məktəbinin direktoru işləyib.

10 mart 1940 – Xalq artisti, xanəndə Canəli Xanəli oğlu Əkbərov (1940 – 22.10.2021) Lənkəran rayonunun Tükəvilə kəndində doğulub. Opera tamaşalarında baş rollarda (Məcnun, Kərəm, Aşıq Qərib, Şah İsmayıl və s.) çıxış edib. Mədəniyyət və İncəsənət Universitetinin professoru olub.

10 mart 2004 – Xalq artisti, məşhur aktrisa Nəsibə Cahangir qızı Zeynalova (20.4.1916 – 2004) vəfat edib. Musiqili Komediya Teatrında çalışıb, filmlərdə (“Ögey ana”, “Ulduz”, “Qayınana” və s.) maraqlı obrazlar yaradıb.

10 mart 2021 – Xalq rəssamı Mirnadir Mirəli oğlu Zeynalov (12.11.1942 – 2021) vəfat edib. Əsərləri xaricdə nümayiş olunub, Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.

 

11 mart 1925 – Xalq artisti, məşhur aktyor Bəşir Səfəroğlu (Bəşir Səfər oğlu Səfərov; 1925 – 24.3.1969) Bakıda anadan olub. Musiqili Komediya Teatrında tamaşaçı rəğbəti qazanan obrazlar yaradıb. “Əhməd haradadır?”, “Ulduz” və s. filmlərdə çəkilib.

10 mart 1942 – Tanınmış aktrisa Lütfiyyə Şamil qızı Səfərova (1942–2010) Bakıda doğulub. 1963-cü ildən Musiqili Komediya Teatrında çalışıb. 

10 mart 1943 – Əməkdar rəssam Adil Əliağa oğlu Rüstəmov (1943 – 22.3.2018) Bakıda anadan olub. Qrafika əsərləri, xüsusilə qəzəlxan Əliağa Vahidə həsr olunmuş işləri ilə tanınıb. Rəssamlıq Akademiyasında dərs deyib. Ömrünün son illərində Fransada yaşayıb.

11 mart 2000 – Prezident Heydər Əliyev Xalq yazıçısı Süleyman Rəhimovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

11 mart 2022 – Xalq yazıçısı, dramaturq, Dövlət mükafatları laureatı Rüstəm Məmməd İbrahim oğlu İbrahimbəyov (5.2.1939 – 2022) vəfat edib. 30-dan çox filmin (“Ad günü”, “İstintaq”, “Özgə ömür”, “Ölsəm... bağışla” və s.) ssenari müəllifidir. Pyesləri teatrlarda tamaşaya qoyulub.

 

12 mart 1904 – Xalq yazıçısı Əbülhəsən (Əbülhəsən Əlibaba oğlu Ələkbərzadə; 1904–1986) İsmayıllı rayonunun Basqal kəndində doğulub. “Yoxuşlar”, “Müharibə”, “Dostluq qalası”, Dünya qopur” və s. romanların müəllifidir.

12 mart 1906 – Xalq şairi, dramaturq, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rüstəm (Süleyman Əliabbas oğlu Rüstəmzadə; 1906 – 10.6.1989) Bakıda anadan olub. Kitabları: “Gün o gün olsun ki...”, “İki sahil”, “Durna” (komediyalar), “Təbrizim”, “Azərbaycana gəlsin” və s. Azərbaycan SSR Ali Sovetinin sədri olub.

12 mart 1933 – Xalq şairi Cabir Mirzəbəy oğlu Novruz (Novruzov; 1933 – 12.12.2002) Xızı rayonunun Upa kəndində doğulub. Şeirlərinə populyar mahnılar (“Cavanlığım”, “Ey həyat, sən nə qəribəsən?”, “Tələbəlik illəri” və s.) bəstələnib. Milli Məclisin deputatı olub.

12 mart 1942 – Fəlsəfə elmləri doktoru, AMEA-nın akademiki Əfrand Firudin oğlu Daşdəmirov (1942 – 7.4.2015) Bakıda anadan olub.

12 mart 2020 – Əməkdar artist Adil Ağakərim oğlu Zeynalov (1960 – 12.3.2020) vəfat edib. Lənkəran Dövlət Dram Teatrında aktyor və rejissor işləyib.

 

Dünya

 

9 mart 1814 – Ukrayna şairi, yazıçı, rəssam Taras Qriqoryeviç Şevçenko (1814 – 10.3.1861) anadan olub.

9 mart 1934 – Moldova aktyoru, SSRİ Xalq artisti Mixay Volontir (1934 – 15.9.2015) anadan olub. Azərbaycanda “Tütək səsi” filmində çəkilib.

 

10 mart 1772 – Alman filosofu, filoloq, dilçi və yazıçı Fridrix Şlegel (Friedrich Schlegel; 1772–1829) anadan olub.

 

11 mart 1544 – İtalyan şairi Torkvato Tasso (Torquato Tasso; 1544–1595) anadan olub.

11 mart 1818 – Fransızəsilli rus baletmeysteri, tanınmış pedaqoq Marius İvanoviç Petipa (1818–1910) anadan olub.

 

12 mart 1728 – Alman rəssamı, klassisizmin tanınmış nümayəndəsi Anton Rafael Menqs (Anton Raphael Mengs; 1728–1779) anadan olub.

12 mart 1937 – Gürcü opera müğənnisi (tenor), SSRİ Xalq artisti Zurab Lavrentyeviç Sotkilava (1937–2017) anadan olub.

Hazırladı: V.Orxan