Elə xəbərlər var ki, zaman baxımından bir qədər köhnəlsə də, istedadın etirafı, sənətin əbədiliyi, bəxş etdiyi emosiyaların təravəti baxımından təzədir.

Belə xəbərlərdən birini uzaq Amerikadan, Filadelfiyadan aldıq. Dünyaşöhrətli müğənnimiz Müslüm Maqomayevin qızı Marina Maqomayevadan öyrəndik ki, David Qvinianidze Musiqi Mərkəzində yeni bir silsilənin – “Musiqili qonaq otağında görüşlər”in təməli qoyulub.

Böyük müğənninin yadigarı qəzetimizə açıqlamasında deyib:

–  Yeni silsilənin ilk proqramı atama həsr olunmuşdu. Silsilənin proqramı elə nəzərdə tutulub ki, tədbirdə müğənnilərin, ifaçıların çıxışları səslənmir, sənətkar barədə xatirələr danışılır, onun ömrünün maraqlı məqamları yada salınır, toplaşanların sualları cavablandırılır. Belə interaktiv yanaşma tamaşaçıları darıxmağa qoymur. Həyat yoldaşım Aleksandr Kozlovski (Müslüm Maqomayevin çox məşhur “Mavi əbədiyyət” mahnısının mətn müəllifi Gennadi Kozlovskinin oğlu – red.) musiqiçi, vokalçı olduğundan həm atamın repertuarından inciləri paylaşdıq, həm də xatirələrimizi bölüşdük. Əvvəlcədən belə qərara gəlmişdik ki, Aleksandrın ifa edəcəyi hər mahnı atamın həyatına aid, yaxşı olar ki, oxunan mahnı ilə bağlı hansısa əhvalatla müşayiət olunsun. Beləliklə, Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş tədbir maraqlı keçdi. Tədbirdə atamın özünün yazdığı mahnılar, həmçinin görkəmli Azərbaycan bəstəkarları Niyazi və Tofiq Quliyevin bəstələri səsləndi.

Gülcahan