İctimai Televiziya və Radio Yayımları Şirkəti “Avroviziya” – 2024” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının adını açıqlayıb.
Şirkətdən bildirilib ki, bu il ölkəmizi İsveçin Malmö şəhərində Fəxri İsmayılov (Fahree) təmsil edəcək.
Xatırladaq ki, bu il seçim prosesi 2 əsas mərhələdən ibarət olub. Birinci mərhələdə iştirakçılar yerli musiqi və səhnə peşəkarlarından ibarət jüri qarşısında mahnılarını canlı olaraq ifa ediblər. Yerli jüri səsverməsi nəticəsində 15 ifaçıdan 6-sı beynəlxalq jüri səsverməsinə keçə bilib. Fahree səsvermənin lideri olmaqla, 2024-cü ildə ölkəmizi “Avroviziya”da təmsil etmək hüququ qazanıb.
Qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq, builki seçimlərdə hər bir ifaçı məhz “Avroviziya” səhnəsində ifa etmək istədiyi mahnı ilə iştirak edib. Qalib mahnıda müasir pop və ənənəvi etno elementlərinin sintezi əksini tapır.
İsveçin Malmö şəhərində keçiriləcək “Avroviziya” – 2024” mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 7-si və 9-u, final mərhələsi isə mayın 11-də gerçəkləşəcək. Püşkatmanın nəticəsinə görə, Azərbaycan bu il 1-ci yarımfinalda çıxış edəcək.