Martın 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında F.Köçərli adına Respublika Uşaq Kitabxanası və 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin birgə təşkilatçılığı ilə “Novruzlu nağıl bağı” adlı musiqili-nağıl tamaşa təqdim edilib.
Tamaşadan əvvəl teatrın foyesində uşaq və yeniyetmələrin bahar və Novruz bayramı ilə bağlı rəsm və əl işlərindən ibarət sərgi nümayiş olunub.
Bakı Kitab Mərkəzinin rəhbəri Günel Anarqızı və Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti Hacı Quliyev çıxış edərək bütün iştirakçıları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik ediblər. Bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələr arasında milli-mənəvi dəyərləri təbliğ etməkdir.
“Novruzlu nağıl bağı” tamaşa-kompozisiyada uşaqlar milli-mənəvi dəyərləri özündə ehtiva edən, xalqımızın ən gözəl bayramlarından olan Novruzla bağlı maraqlı məqamları əyləncəli şəkildə təqdim ediblər.