Bir həftə davam edəcək Novruz tətili günlərində konsert salonlarında bir-birindən maraqlı proqramlar təqdim olunacaq.

Martın 24-də Heydər Əliyev Sarayında “Baharın səsi” adlı konsert keçiriləcək. Proqramda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin ifasında muğam, təsnif və xalq mahnıları səsləndiriləcək. Gecədə Xalq artistləri Mənsum İbrahimov, Gülyaz Məmmədova, Nəzakət Teymurova, Əməkdar artistlər Təyyar Bayramov, Səbuhi İbayev və digər ifaçılar səhnəyə çıxacaqlar.

Beynəlxalq Muğam Mərkəzində Torpaq çərşənbəsi günü (19 mart) “Cücələrim” mahnı və rəqs ansamblı tamaşaçıların görüşünə gələcək. Proqramda milli, müasir və klassik rəqslər, caz və estrada vokalı, instrumental kompozisiyalar ifa olunacaq. Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişafı Mərkəzinin dərnək üzvləri olan rəqqaslar, idmançılar, vokal və instrumental ifaçılar öz məharətlərini göstərəcəklər.

Martın 23-də Kamera və Orqan Musiqisi Zalında “Kiçik gecə serenadası” adlı konsert keçiriləcək. “Mystery Ensemble”nin parlaq, həyat dolu və rəngarəng ifalarının yer aldığı konsertdə XX əsr bəstəkarlarının əsərləri də yer alıb. 

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında isə martın 20-dən 24-dək “Bahar qızı və Cəfərin sirri” adlı tamaşa nümayiş olunacaq. Novruz bayramı ərəfəsində ölkəmizə gələn Cəfərin sehrli səməni üçün hiyləgər düşüncələri var. Elə ona görə də Bahar qızı və dostlarının sehrli səmənini xilas etmək üçün köməyinizə ehtiyacı var...

Lalə