Noyabrın 2-də Göyçay rayonunda növbəti “Nar bayramı” keçiriləcək. Bu il 8-ci dəfə gerçəkləşən tədbir münasibətilə ölkəmizdə fəaliyyət göstərən bəzi turizm şirkətləri Göyçaya turlar təşkil edir. «Millennium Tourism & Congress DMC»nin daxili turlar üzrə meneceri Orxan Məmmədovdan aldığımız məlumata görə, təmsil etdiyi şirkət tərəfindən təklif edilən turun qiyməti 17 manatdır. Bu qiymətə nəqliyyat, qəlyanaltı, festivalda iştirak və çay süfrəsi daxildir.
Orxan Məmmədov onu da bildirdi ki, builki bayram çərçivəsində nar məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin məhsullarından ibarət yarmarka, fermerlərin yetişdirdiyi müxtəlif nar sortları və onlardan hazırlanan məhsulların sərgisi, eləcə də narla bağlı müxtəlif müsabiqələr, oyunlar təşkil ediləcək. Tədbirdə dövlət və hökumət nümayəndələri, deputatlar, xarici ölkələrin Azərbaycandakı səfirləri, yerli və xarici iş adamları iştirak edəcək.
Göyçay narının şöhrətini dünyaya tanıtmaq məqsədilə keçirilən ənənəvi tədbirdə bir çox yeniliklərin olacağı da gözlənilir. Bayram axşam saatlarında Azərbaycan incəsənət ustalarının çıxışları ilə yekunlaşacaq.


Fəxriyyə Abdullayeva