Beynəlxalq Muğam Mərkəzində (BMM) “Muğam mühazirələri” adlı konsert keçirilib. “Azərbaycan muğamı” adlı layihə çərçivəsində martın 17-də reallaşan tədbir tanınmış xanəndə, pedaqoq, Əməkdar incəsənət xadimi Aqil Məlikovun iştirakı ilə gerçəkləşib.
Muğam konserti şəklində təqdim olunan ədəbi-bədii gecədə “Rast” muğamı səslənib. Muğamın xüsusiyyətləri, şöbələrdə qəzəllərin bölünməsi, rəng və təsniflər haqqında muğam ustasının söhbət və qənaətlərini BMM-in solistləri Məmməd Nəcəfov, Hüseyn Məlikov və Muğam televiziya müsabiqəsinin qalibi Rəvan Qaçayevin ifaları əvəzləyib. Xanəndələr mühazirəni əyani şəkildə öz ifaları ilə tamaşaçılara nümayiş etdiriblər.
Aqil Məlikovun muğam və qəzəlin bir-biri ilə bədii-estetik, lirik-emosional bağlılığı, qəzəllərin məzmunu, obrazlılığı, muğam musiqisinə təsiri mövzusunda çıxışı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Lalə Azəri