Onun ömrü musiqiyə həsr olundu. Bu yolda məqsəd və inamı onu daim uğura apardı.
Əməkdar incəsənət xadimi, professor Azad Əliyev (1951–2014) musiqinin içində göz açan, daim onunla nəfəs alan əsl sənətkar idi...
Azad Sabir oğlu Əliyev 1951-ci il martın 29-da Bakı şəhərində anadan olmuşdur. 1974-cü ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası – BMA) fortepiano ixtisası üzrə (professor K.Səfərəliyevanın sinfi) bitirdikdən sonra, vokal qabiliyyətinə malik olduğundan özünü bu sahədə də sınaqdan keçirmək istəyi ilə vokal şöbəsinə, İ.A.Lvoviçin sinfinə daxil olur. Hər iki müəllimin onun peşəkar musiqiçi kimi formalaşmasında böyük rolu olmuşdur. O, 1980-ci ildə konservatoriyada vokal ixtisası üzrə təhsilini də başa vurur.
Pedaqoji fəaliyyətə 6 nömrəli musiqi məktəbində başlayan Azad Əliyev həmçinin A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində və Sumqayıt Orta İxtisas Musiqi Məktəbində də çalışmışdır. 1972–1980-ci illərdə Respublika Sarayının (indiki Heydər Əliyev Sarayı) baş səs rejissoru olmuşdur. Sumqayıt Orta İxtisas Musiqi Məktəbində bir müddət müdir müavini vəzifəsində də işləmiş, orada ilk kamera orkestri yaratmış və bu orkestrlə müxtəlif konsertlərdə çıxış etmişdir. 90-cı illərdə BMA-nın Solo oxuma və opera hazırlığı kafedrasının dosenti olan A.Əliyev 1992-ci ildən Ş.Məmmədova adına Opera studiyasında pedaqoji fəaliyyət göstərmiş, 1994-cü ildən ömrünün sonuna qədər studiyanın bədii rəhbəri olmuşdur. O, opera hazırlığı sinfində 20-dən artıq məzun yetişdirmişdir.
Azad Əliyev elə bir ailədə həyata göz açmışdı ki, burada musiqiyə böyük sevgi bəslənilirdi. O, musiqiçilərin mühitində bir fərd kimi formalaşmış, şəxsiyyət olaraq yetişmişdir. Ailələrində hamı musiqiçi idi. Atası – Azərbaycanda violonçel ifaçılıq sənətinin bünövrəsini qoymuş mahir ifaçı, həssas pedaqoq, Xalq artisti, professor Sabir Əliyev, anası – gözəl pianoçu, pedaqoq, dövrünün peşəkar konsertmeysterlərindən olan Əməkdar incəsənət xadimi, professor Elmira Əliyeva, bacısı Leyla – anasının yolunu davam edən gözəl pianoçu, pedaqoq və konsertmeyster. Qeyd edək ki, Azad Əliyevin həyat yoldaşı Zemfira Əliyeva da istedadlı pianoçu və gözəl pedaqoqdur. Əliyevlər ailəsinə tez-tez görkəmli musiqiçilər gələrdilər. Sabir Əliyevin ən yaxın dostları arasında olan dünyaşöhrətli violonçel ifaçısı Mstislav Rostropoviç bu evin həmişə sevilən qonaqlarından idi.
Azad Əliyev musiqinin bir çox sahələrində özünü sınamış və uğur qazanmışdır. Bu, ilk növbədə, onun fitri istedadının təzahürü idi. O, parlaq pianoçu kimi bir sıra müsabiqələrdə iştirak etmişdir. Elə bu səbəbdən vokal ifaçılarla işləyərkən onun konsertmeysterə ehtiyacı olmurdu. 1981–1985-ci illərdə Xalq artisti, violin ifaçısı S.Qəniyevlə birgə pianoçu kimi keçmiş SSRİ-nin respublikalarında konsertlərdə çıxış etmişdir.
Tələbə ikən Azad müəllimin fortepiano ixtisası üzrə keçdiyi dərslərində oturardım. Bir tələbəyə verdiyi əsəri izah edərkən belə onu avaz edərək anlatması, musiqinin həssas bölmələrini dinləndirməsi bu insanın necə də musiqi vurğunu, hərtərəfli istedada malik olmasını göstərirdi. O, 1999-cu ildən Bülbül adına Orta İxtisas Musiqi Məktəbində kamera ansamblı və müşayiət sinfinin müəllimi olaraq çalışmışdır.
Azad Əliyevi dirijorluq daha çox maraqlandırırdı. Uşaqlıqdan dahi maestro Niyazinin məşqlərinin daimi tamaşaçısı olması, Respublika Sarayında səs rejissoru kimi fəaliyyəti, eləcə də pedaqoq kimi iş təcrübəsi toplaması, dünya musiqi ədəbiyyatı sahəsində böyük bilikləri illər sonra onun diqqətini dirijorluq sənətinə yönəldir. Xüsusi dirijorluq məktəbi keçməsə də, bu ixtisas üzrə diplomu olmasa da, o öz gücünü, məhəbbətini bu sənətə həsr edir. Azad Əliyevin ömrünün sonuna qədər böyük zövq və dərin sevgi duyduğu dirijorluq interpretasiyası ona bu sənətdə bir çox nailiyyətlər qazandırmışdır. Bu sırada C.Verdininin “Rekviyem”, V.A.Motsartın “Rekviyem”, L.Bernstaynın “Vessayd əhvalatı”, Ü.Hacıbəylinin “Arşın mal alan” operettasının Vyanada alman dilində quruluşunu və digərlərini qeyd etmək olar. Maestronun dirijorluq texnikası özünəməxsusluğu, həssaslığı ilə seçilirdi. O, ifa olunan əsəri bütün cismi ilə yaşayırdı. Musiqiyə dərindən bağlı olan, onu bütün qəlbi, varlığı ilə duyan Azad Əliyevin dirijorluğu onun ruhunun sanki qidası idi.
O, 2006-cı ildən həyatının sonuna qədər “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Niyazi adına Simfonik orkestrinin bədii rəhbəri və baş dirijoru olmuşdur. 2012-ci ildə professor və Əməkdar incəsənət xadimi adına layiq görülmüşdür.
Həyat yoldaşı Zemfira Əliyevanın xatirələrindən: “O, özünə də, orkestr üzvlərinə də qarşı çox tələbkar idi. Musiqiyə, konsertlərə məsuliyyətlə yanaşmasıyla o, həm musiqiçilərə, həm də tələbələrinə nümunə olurdu. Onun istər öz orkestr üzvləri, istərsə də ilk dəfə birlikdə ifa etdiyi ifaçılarla ünsiyyət yaratmaq bacarığını xüsusi olaraq qeyd etmək istərdim. Dirijorla ifaçılar arasında olan münasibətlər xüsusilə zərif və həssas xarakter daşıdığına görə son dərəcə nəzakətli olmağı tələb edir. Partitura ilə bağlı zəngin biliklərindən istifadə edən, eləcə də ifa etdiyi bəstəkarın əksər əsərlərinə, hansı məktəbi təmsil etdiyinə dərindən bələd olan maestro onun öz təfsirlərinin də “yaşamaq” hüququna malik olmasını sübut edirdi. Qeyd edim ki, orkestr üzvləri heç də həmişə başqa ölkədən gələn dirijoru qəbul edib, ifa olunan əsəri məhz onun “gördüyü” kimi ifa edə bilmir. Bu mənada bir sıra ölkələrə qastrol səfərlərinə getməsini və müxtəlif orkestrlərlə işləməli olduğunu nəzərə alsaq, Azadın bu xüsusiyyətinin nə dərəcədə qiymətli olduğunu təsəvvür edə bilərik. Belə səfərlər arasında onun Yunanıstan, İsveç, Almaniya, Avstriya, Rusiya və daha nə qədər ölkələrdə verdiyi konsertləri qeyd etmək olar...”.
Azad Əliyev haqqında çox danışmaq olar. Onun sənəti ilə yanaşı, insani keyfiyyətləri də yüksək səviyyədə idi. Hamı ona böyük hörmət göstərirdi. Maestronun hər doğum günündə tələbələri, həmkarları onun şərəfinə konsert təşkil edirlər. Musiqi sənətinin incəliklərinə dərindən bələd olan bu insan əsl ziyalı kimi özünə böyük rəğbət qazanmışdı. O, həyatını, ömrünü, sənətini sevə-sevə yaşadı. Azad Əliyevdən bizi illər ayırır. Lakin biz onu hər zaman sonsuz ehtiramla yad edəcəyik. Çünki o, sənəti ilə əbədiyyət qazanıb...
Aynur İsgəndərova
BMA-nın Musiqi tarixi kafedrasının müəllimi