Təkcə Aralıq dənizində 29 min miqrant boğulub
BMT-nin Miqrasiya Agentliyi son on il ərzində 63 mindən çox miqrant ölümünü qeydiyyata alıb. Əvvəlki illərlə müqayisədə ən çox ölüm halı 2023-cü ildə baş verib.
BMT-nin rəsmi saytında yer alan məlumata görə, son on ildə təkcə Aralıq dənizində 29 minə yaxın miqrant həlak olub. Onların əksəriyyəti qaçaq yolla gəmi və qayıqlarla Avropaya üz tutan Əfqanıstan, Myanma, Suriya və Efiopiya vətəndaşlarıdır.
Ümumilikdə miqrantlar arasında ölüm hallarının təxminən 60 faizi suda boğulma ilə bağlıdır.
“Miqrant ölümlərinin sənədləşdirilməsinin onilliyi” adlı hesabatda axtarış və xilasetmə imkanlarının gücləndirilməsinin və daha təhlükəsiz miqrasiya marşrutlarının olmasının vacibliyi vurğulanır.
Hesabatda həmçinin itkin düşənlərin ölənlər siyahısına daxil edildiyi və onların da sayının artdığı bildirilir. Məlumata görə, siyahıda yer alanların üçdə ikisindən çoxu sularda qərq olan və itkin düşmüş sayılanlardır.