Lənkəran rayonunun Cil kənd sakini Əli Əkbərovun qeyri-adi hobbisi var. Hələ uşaqlıqdan musiqiyə, xüsusilə də muğam ifaçılığı sənətinə maraq göstərən Əli uzun illərdir qrammofon vallarını toplamaqla məşğuldur.

O, musiqi sahəsinə həvəsin ona anasından keçdiyini deyir: “Anam klassik Azərbaycan musiqisinə yaxşı bələd idi. Evdə iş-güclə məşğul olanda görkəmli xanəndələrimizin muğamlarını astaca zümzümə edərdi. Elə həmin zümzümənin mənə həyat yolumu müəyyənləşdirməkdə müstəsna rolu olub”.

Əli orta məktəbi bitirdikdən sonra Bakıda Mədəni-Maarif Texnikumuna daxil olub. Qrammofon vallarını toplamağa da həmin dövrdən başlayıb. Hazırda qonşu Şağlaser kəndindəki Sənətkarlıq evində çalışan Əli Əkbərovun evindəki şəxsi arxivində Azərbaycanın 100-dən çox muğam ifaçısının və müğənnisinin səsləri yazılmış 1200-ə yaxın qrammofon valı var.

Əlinin sözlərinə görə, tələbəlik illərində sevdiyi sənətkarların evlərini qapı-qapı gəzməklə bu zəngin musiqi xəzinəsini əldə etməyə nail olub: “İnanın ki, bəzən bir sənətkarın evinə dəfələrlə getməklə istəyimə nail olmuşam. Cibimdəki son qəpikdən belə keçərək mağazadan sevdiyim muğam ifaçısının valını almışam”.

Görkəmli xanəndələrdən Cabbar Qaryağdıoğlunun, Məşədi Məhəmməd Fərzəliyevin, Keçəçi oğlu Məhəmmədin və digərlərinin 1904, 1905, 1912-ci illərdə Varşava, Riqa, Vilnüs kimi şəhərlərdə yazılmış valları da bu gün Əli Əkbərovun şəxsi arxivindədir. Deyir ki, onda olan bəzi nadir valları respublikanın hər hansı bir arxivində tapmaq qeyri-mümkündür: “Xoşbəxtəm ki, Şövkət Ələkbərova, Gülağa Məmmədov, Fatma Mehrəliyeva, Tükəzban İsmayılova, Rübabə Muradova və onlarla digər görkəmli sənət xadimləri ilə şəxsən görüşüb söhbətləşmək, onların canlı ifasını eşitmək mənə qismət olub”.

Əli evinin bir otağını vallara, kitablara ayırıb. Son illər Azərbaycanda muğam sənətinin inkişafı üçün həyata keçirilən layihələri yüksək qiymətləndirən mədəniyyət işçisi gənc xanəndələrimizin öz sələflərindən hələ çox mətləbləri öyrənməli olduqlarını bildirir: “Qoy cavan ifaçılarımız arxayınlaşmasınlar. Klassik muğam ifaçılarımızın hər birinin dəst-xətti ayrıca bir məktəbdir. Onların təcrübəsindən öyrənmək, əxz etmək isə yalnız fayda verə bilər”.

Onu da bildirək ki, hazırda Əli Əkbərovun kolleksiyası həm də şəxsi muzey kimi tanınır. Öyrəndik ki, yazıçı-jurnalist, Əməkdar mədəniyyət işçisi Sədaqət Kərimova unudulmaz sənətkarımız, Əməkdar artist Fatma Mehrəliyevanın sorağı ilə bu yaxınlarda Cil kəndində Əlinin qonağı olub və axtardığı qrammofon vallarını burada tapıb.

Tanınmış diktor, Xalq artisti Eldost Bayram isə Əli Əkbərovun xidmətlərini yüksək dəyərləndirərək yazır: “Əli Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği sahəsində çalışanlar içərisində çıraqla axtarılmağa və qiymətləndirilməyə layiq olan insanlardan biridir”.

Əlavə edək ki, Ə.Əkbərov Sənətkarlıq evində çalışmaqla yanaşı, “Babalar” folklor kollektivinin üzvü kimi tez-tez rayonda keçirilən tədbirlərdə də çıxış edir.

Bəli, mədəniyyət işçisi Əli Əkbərovun min bir əziyyətlə topladığı vallar sənət yaddaşımızın saxlanc yeridir. Bu sərvəti qorumalı və gələcək nəsillərə yadigar qoymalıyıq. Bunu biz etməsək, nə vaxtsa, uzun zamanlardan sonra bu valların da sorağı bir çox mədəni sərvətlərimiz kimi yaxın-uzaq ölkələrin muzeylərindən, sərgi salonlarından, şəxsi kolleksiyalarından gələr...

Ağaddin Babayev
Lənkəran