Xəbər verdiyimiz kimi, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin (1872–1950) “Qılınc və qələm” tarixi romanı özbək dilində nəşr olunub. Əsəri özbək dilinə alimlər Nazira Aliyeva, Muhsin Hamidov və Rustam Komilov tərcümə ediblər. Kitabın redaktoru və ön söz müəllifi özbəkistanlı alim Abdulla Ulugovdur.
Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin həyat və yaradıcılığından, yaşadığı dövrün tarixi olaylarından bəhs edən roman Nizami irsinə rəğbət bəsləyən qardaş ölkənin elm və ədəbiyyat dairələrində də maraqla qarşılanıb.
Bir qədər əvvəl Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində nəşrin təqdimatı olmuşdu. Bu günlərdə isə AMM tərəfindən Xarəzm vilayətindəki Ürgənc Dövlət Pedaqoji Universitetində (ÜDPU) kitabın təqdimatı keçirilib.
Mərkəzdən bildirilib ki, təqdimat universitetin Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı mərkəzində gerçəkləşib.
ÜDPU-nun prorektoru professor Sərdar Xocaniyazov giriş sözündə tarixi romanın özbək dilində nəşrini iki ölkə arasında ədəbi-mədəni əlaqələrə töhfə kimi qiymətləndirib.
AMM-in əməkdaşı Kərimulla Məmmədzadə də iki ölkə arasında ədəbi-mədəni əlaqələrdən söz açıb, bu istiqamətdə mərkəzin reallaşdırdığı layihələrdən danışıb.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru professor Erkin Nuriddinov və digər çıxış edənlər “Qılınc və qələm” romanının özbək dilində nəşrinin əhəmiyyətindən bəhs edərək əsərin Azərbaycanın tarixinin, mədəniyyətinin, ədəbiyyatının öyrənilməsi baxımından dəyərli mənbə olduğunu vurğulayıblar.
Qeyd edək ki, kitab AMM tərəfindən Özbəkistanın aparıcı kitabxanalarına, ali təhsil ocaqlarına paylanılacaq.