Azərbaycan və Almaniya gənc musiqiçilərinin birgə layihəsi

 

Martın 27-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Morgenland” Odlar yurdu ilə görüşür” (“Morgenland Meets The Land of Fire”) adlı Azərbaycan və Almaniya gənc musiqiçilərinin birgə layihəsi təqdim olundu.

Konsertdən əvvəl Mahnı Teatrının bədii rəhbəri Xalq artisti Salman Qəmbərov layihə haqqında məlumat verdi. Qeyd etdi ki, layihə 20 ildir Almaniyanın Osnabrük şəhərində təşkil edilən “Morgenland” (“Sabah ölkəsi”) festivalı çərçivəsində keçirilir. O, almaniyalı musiqiçiləri ölkəmizdə salamlayaraq layihəyə qatılan yerli gənclərin seçimində göstərdiyi dəstəyə görə Azərbaycan Milli Konservatoriyası və Sumqayıt Musiqi Kollecinin rəhbərliyinə minnətdarlığını bildirdi.

Sonra konsert təqdim olundu. Alman bəstəkarlarının əsərləri və Azərbaycan xalq mahnıları üzərində qurulan caz kompozisiyaları maraqla qarşılandı.

Qeyd edək ki, Yaxın Şərq mədəniyyətinə həsr olunan festivalın əsas aksiyalarından biri 14-20 yaş arası gənc musiqiçilər üçün nəzərdə tutulmuş “Morgenland akademiyası”dır. Professional musiqiçilərin rəhbərliyi altında birhəftəlik musiqi düşərgəsi çərçivəsində iştirakçılar Avropa musiqi ənənələrindən fərqlənən, muğama əsaslanan Qafqaz və Orta Asiya musiqisi ilə tanış olurlar. “Morgenland akademiyası” məzunlarından ibarət “Morgenland gəncləri” ansamblı mütəmadi olaraq layihə və konsertlər təşkil edir.

“Morgenland” Odlar yurdu ilə görüşür” layihəsinin rəhbəri Salman Qəmbərov artıq 2009-cu ildən bu festivalda iştirak edir. Hər il festival çərçivəsində gənclər üçün ustad dərsləri təşkil olunur. Bu il festivalın təşkilat komitəsi belə bir layihəni ona həvalə edib.

Lalə Azəri