Rostropoviçlərin ev-muzeyində klassik musiqi axşamı
Dünyaşöhrətli musiqiçi, violonçel ifaçısı, dirijor Mstislav Rostropoviçin (1927–2007) anadan olmasının 97-ci ildönümü münasibətilə martın 27-də Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyində “Bir ömrün simfoniyası” adlı klassik musiqi axşamı təşkil olunub.
Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, professor Firəngiz Əlizadə, tanınmış incəsənət xadimləri, Rusiyanın ölkəmizdəki səfirliyinin nümayəndələri, digər qonaqlar iştirak ediblər.
Muzeyin direktor vəzifəsini icra edən Günay Əliyeva qonaqları salamlayıb.
Xalq artisti Firəngiz Əlizadə maestro haqqında xatirələrini bölüşüb, dahi musiqiçi ilə yaradıcılıq əlaqələrindən söhbət açıb.
Tədbirdə çıxış edən Rusiya səfirliyinin müşavir-elçisi Pyotr Volokovıx rəssam Natalya Şevçenkonun M.Rostropoviçə həsr etdiyi portreti muzeyə təqdim edib, rəsm əsərinin yaranması barədə danışıb.
Əməkdar müəllim, violonçel ifaçısı Kamal Paşazadə və Əməkdar incəsənət xadimi, kinorejissor Ziya Şıxlınski də Mstislav Rostropoviç ilə bağlı xatirələrini bölüşüblər.
Konsert proqramında respublika və beynəlxalq müsabiqələr laureatları M.Tağıyev, V.Qurbanov, K.Talıblı və başqaları Azərbaycan və dünya klassiklərinin əsərlərini ifa ediblər. Qonaqlar konsertdən böyük zövq aldıqlarını bildiriblər.