Martın 28-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil-Muzeyində tanınmış violin ifaçısı, Əməkdar artist Arif Manaflı ilə görüş və “Sənətin Arifi” kitabının təqdimat mərasimi keçirildi.

Tədbiri Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq Arif Manaflının sənət yolundan, ifaçı kadrların hazırlanmasında əməyindən danışdı.

Muzeyin şöbə müdiri Xanım Abdinova sənətkarın həyat və yaradıcılıq yolundan söz açdı. Diqqətə çatdırdı ki, A.Manaflı erkən çağlardan musiqiyə maraq göstərib. Onun qəlblərə süzülən özünəməxsus ifası dinləyicilər tərəfindən maraqla qarşılanır.

Tədbirdə daha sonra Xalq artistləri Sərdar Fərəcov, Azər Dadaşov, Əməkdar müəllim Adilə Yusifova, Əməkdar incəsənət xadimi Məmmədağa Umudov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəttah Xalıqzadə çıxış edərək A.Manaflının Azərbaycan və Türkiyə musiqi mədəniyyətinin inkişafındakı roluna və yaradıcılıq portretinə nəzər saldılar. Bildirildi ki, o, Türkiyədə Azərbaycan bəstəkarları ilə yanaşı, xalq musiqisi nümunələrinin də təbliğinə töhfələr verib.

Muzeyin direktoru Alla Bayramova Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəşrləri olan not kitablarını A.Manaflıya hədiyyə etdi. O da öz növbəsində ifaları olan CD-ləri, yaradıcılığını əks etdirən afişa və fotoşəkilləri muzeyə bağışladı.

Tədbir iştirakçılarının suallarını cavablandıran A.Manaflı Azərbaycan bəstəkarları ilə yaradıcılıq əlaqələrindən danışdı, maestro Niyazi haqqında xatirələrini bölüşdü. Kitabın müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fazilə Nəbiyeva nəşrin ərsəyə gəlməsindən bəhs etdi.

Çıxışlar A.Manaflının yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olundu.    

Sonda sənətkarın ifalarının videoyazıları nümayiş olundu. F.Əmirov adına 11 illik İncəsənət məktəbi şagirdlərinin ifasında musiqi proqramı təqdim edildi.

S.Fərəcov