Dünyanın ən qədim insan yaşayış məskənlərindən olan Azərbaycanda müxtəlif dövrlərdə inkişaf tapmış mədəniyyətlərin tarixi-etnoqrafik, arxeoloji baxımdan araşdırılması və öyrənilməsi istiqamətində aparılan işlər son illərdə daha da intensivləşmişdir. Aşkar edilmiş maddi mədəniyyət abidələri tarixi keçmişimizi özündə ehtiva edən dəyərlər sisteminin tərkib hissəsi olaraq, dövlət tərəfindən xüsusi qayğı ilə qorunur.
Hazırda respublikamızda tarixi-memarlıq, tarixi-arxeoloji, tarixi-mədəni, tarixi-etnoqrafik qoruqlar fəaliyyət göstərir. Həmin obyektlərdə Mədəniyyət və Turizm Nazirliyi, eləcə də yerli icra hakimiyyəti strukturları tərəfindən mühafizə və təbliğat istiqamətində məqsədyönlü işlər aparılır. Eyni zamanda, nazirlik respublikamızda turizmin inkişafı ilə əlaqədar sistemli şəkildə tədbirlər həyata keçirir. Müxtəlif beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində Azərbaycan mədəniyyətinin dünya miqyasında təbliği istiqamətində görülən işlər xüsusilə qeyd edilməlidir.
Bu cür geniş və çoxşaxəli işlərin tərkib hissəsi olaraq “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda müxtəlif səpkili elmi-tədqiqat, təbliğat, mühafizə işlərinin təşkil edilməsi ilə yanaşı, obyektdə turizmin inkişafı ilə bağlı gələcək perspektivlər də nəzərdən keçirilir. Əlbəttə, əraziyə turist axınının cəlb edilməsi sözügedən obyektin tarixi-mədəni dəyərlərinin təbliği baxımından faydalı olar.
“Keşikçidağ” qoruğu Azərbaycanın qədim və zəngin tarixə malik bölgələrindən olan Ağstafa rayonu ərazisində yerləşir. Ağstafa rayonunda müxtəlif tarixi dövrlər üzrə 40-a yaxın abidə qeydə alınmışdır. Gürcüstanla sərhəddə, Qatardağ silsiləsinin Ceyrançöl adlanan ərazisində, qumsal dağların qayalıqları üzərində, gediş-gəliş üçün o qədər də asan olmayan bir yerdə yerləşən “Keşikçiqala” və onun ətrafında freskalarla zəngin mağara-məbədlər kompleksi bu sırada xüsusi yer tutur. Buradakı freskaların yaranması ilə bağlı müxtəlif illərdə elmi-tədqiqat işləri aparılmış, onların tarixi müəyyənləşdirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2005-ci il oktyabrın 12-də əraziyə səfər etmiş, zəngin tarixi-etnoqrafik, maddi irsi özündə yaşadan bu abidələrlə tanış olmuşdur. Dövlət başçısı buradakı maddi mədəniyyət abidələrinin daha da dərindən öyrənilməsi, qorunması və təbliğ edilməsi məqsədilə 19 dekabr 2007-ci il tarixli sərəncamı ilə sözügedən ərazini “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan etmişdir. Həmin vaxtdan qoruğun ərazisindəki strateji cəhətdən ən hündür yüksəkliklərdən biri ölkə Prezidentinin şərəfinə “İlham Əliyev adına zirvə" adlandırılmışdır. Zirvədə möhtərəm Prezidentin adı və məlum fərmanı ilə bağlı olan məlumat lövhəsi iri daşlardan düzəldilmiş postament üzərində yerləşdirilmişdir.
Qoruğun ərazisi bir qala, iki məbəd, bir inanc yeri (Qüdrət bulağı) olmaqla, 70-dən çox mağara-məbəd kompleksindən ibarətdir. Ərazidəki maddi mədəniyyət obyektlərinin tarixi haqqında fikirlər mübahisəlidir. Lakin bununla belə mütəxəssislər arxeoloji, eləcə də tikinti-inşaat materiallarına əsasən ərazinin tarixi dövrünü əsaslandırmağa çalışırlar. Bəzi mülahizələrə görə, həmin ərazi aya, günəşə, müxtəlif bitki və heyvanlara etiqad göstərən insanlarla yanaşı, oda sitayiş edən atəşpərəstlərin, sonrakı dövrlərdə xaçpərəstlərin əsas dini etiqad mərkəzlərindən olmuşdur.
Qeyd etmək lazımdır ki, tolerant bir ölkə olaraq Azərbaycanda müxtəlif dövrlərdə yaradılmış, fərqli dini etiqadlara xidmət edən abidələrə münasibət həmişə müsbət olmuşdur. Həmin abidələrdən biri olan “Keşikçidağ” qoruğundakı maddi mədəniyyət nümunələri fiziki təsirlərə məruz qalmasına baxmayaraq, öz tarixi simalarını indiyədək qoruyub saxlaya bilmişlər.
Burada uzun zaman kəsiyində mövcud olmuş mədəniyyətlər bir-birini əvəz etmişlər. Həmin mədəniyyəti bizlərə miras qoyub getmiş istər atəşpərəstlər, istərsə də xaçpərəstlər mahiyyət etibarı ilə eyni məqsədə - mənəvi-əxlaqi kamilliyə can atmış, tanrıçılıq fəlsəfəsini təbliğ edərək, onun carçısı olmuşlar.
Düşünürük ki, bu cür abidələr müasir dövrdə beynəlxalq turizm sahəsinin diqqətini cəlb edəcək, oraya kütləvi turist ekskursiyalarının təşkil edilməsinə zəmin yaradacaq. Məlum olduğu kimi, beynəlxalq turizmin diqqət mərkəzində olan belə unikal mağaralar İordaniyada (qədim Petrada), Türkiyədə (Kapadokya bölgəsində) və digər ölkələrdə də mövcuddur.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin göstərişinə əsasən qoruq ərazisində, eləcə də qoruq ərazisinə yaxın olan Candargölün ətrafında turizmin təşkili ilə əlaqədar olaraq inşaat işlərinin aparılması üçün daha münasib landşaftın fotoşəkillərini və kompleks təkliflərin ilkin variantını hazırlamışlar. Həmin materiallar nəzərdən keçirilmək üçün nazirliyə təqdim edilmişdir. Ümumiyyətlə, münasib iqlim şəraitinə və əlverişli coğrafi əraziyə malik olan bu bölgədə turizmin inkişaf etdirilməsi üçün real imkanlar vardır. Təəssüflə qeyd edək ki, tarixi keçmişimizi özündə əks etdirən belə unikal abidələr sovet dövründə mühafizə olunmamış, əksinə, dağıdılmış, zəngin freskalar qazılmış, cızılmış, yararsız vəziyyətə salınmışdır. Əlbəttə, beynəlxalq turizm təşkilatı, eləcə də digər beynəlxalq təşkilatların dəstəyi və himayədarlığı ilə bölgədə beynəlxalq turizmin təşkili istiqamətində genişmiqyaslı işlər aparıla bilər. Həmin işlərin tərkib hissəsi kimi mağara-məbədlər kompleksində bərpa işlərinin aparılması xüsusi olaraq diqqət mərkəzində olmalıdır.
Mağara-məbədlərin həm müqəddəs yer kimi ziyarət edilməsi, həm də oraya turistlərin cəlbi dini azadlığın, tolerantlığın təntənəsi olmaqla yanaşı, bu abidələrin dünyaya tanıdılmasında əhəmiyyətli olar.
Musa Mursaquliyev,
“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru